Azərbaycan Respublikasının tədiyyə balansının profisitli olması ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının həftənin cümə gününə açıqlamasında bildirilir.
2021-ci ilin 11 ayında strateji valyuta ehtiyatları 2.2 milyard ABŞ dolları, yaxud 4.4 faiz artaraq 53 milyard ABŞ dollarını, Mərkəzi Bankın ehtiyatları isə 10.2 faiz artaraq 7 milyard ABŞ dollarını üstələyib.
“Cari meyllərin davam etməsi halında 2022-ci ildə də tədiyə balansında əhəmiyyətli profisit gözlənilir”- deyə, AMB əlavə edir.
Açıqlamada deyilir ki, ötən iclasdan bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarında tələb bir qədər artsa da, ümumilikdə valyuta bazarında tarazlıq qorunub, il ərzində milli valyutanın məzənnəsi sabitlik nümayiş etdirib.
Xarici fon ümumilikdə tədiyə balansı və məcmu tələbin stimullaşdırılması baxımından əlverişli qalsa da, onun perspektivləri ilə bağlı risklər aktuallığını saxlayır. Qlobal iqtisadiyyatda, o cümlədən ticarət tərəfdaşlarında iqtisadi bərpa prosesi davam edir. Lakin virusun yeni ştamlarının meydana gəlməsi nəticəsində pandemiyanın yeni dalğalarının mümkünlüyü ehtimalı qlobal iqtisadi bərpanın sürəti ilə bağlı qeyri-müəyyənliklər yaradır. Son iclasdan bəri koronavirusun yeni ştamının meydana gəlməsi ilə davamlı artan neft qiymətində müəyyən korreksiya baş verib.
“Brent” markalı neftin orta qiyməti noyabrda 81 ABŞ dolları olduğu halda dekabrın ötən dövründə 73 ABŞ dollarına enib. Ümumilikdə, 2021-ci ilin ötən dövründə neftin orta qiyməti 71 ABŞ dolları təşkil edib. Qısamüddətli dəyişkənliyə baxmayaraq beynəlxalq təşkilatlar 2022-ci ildə dünyada neftə tələbin artmaqda davam edəcəyini proqnozlaşdırırlar. “OPEC+” formatında qəbul edilmiş son qərarlar 2022-ci ildə də neft qiymətinə artırıcı təsir edəcək.