13 C
Baku
Saturday, November 23, 2024

Mərkəzi Bank 2022-ci ildə qiymət artımlarına “dözümsüzlük” nümayiş etdirib, faizləri artıra bilər

Azərbaycanda faiz dəhlizinin parametrlərinə dair qərarlar 2021-ci ildə qlobal mühitdə baş verən proseslərin ölkə iqtisadiyyatına təsirləri, məcmu tələbin və iqtisadiyyatın bərpa tempi, inflyasiyanın faktiki və gözlənilən səviyyəsinin hədəfə nəzərən qiymətləndirilməsi, inflyasiyanın xarici və daxili amillərdən formalaşan risklər balansı nəzərə alınmaqla qəbul edilib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında deyilir.

İqtisadi artımın bərpasına dəstək məqsədilə uçot dərəcəsi 2018-ci ilin əvvəlindən 2020-ci ilin dekabr ayına kimi 16 mərhələdə  azaldırılaraq 15%-dən 6.25%-ə endirilib. Lakin 2021-ci ilin birinci yarısında başlıca olaraq xarici mühitdə baş verən proseslərə cavab olaraq uçot dərəcəsinin dəyişdirilməsi istiqamətində pauza götürülmüş, ilin ikinci yarısından başlayaraq isə inflyasiya proseslərinin sürətlənməsinə cavab olaraq sentyabr,  oktyabr və dekabr aylarında uçot dərəcəsi 3 dəfə ardıcıl yüksəldilərək 7.25%-ə çatdırılıb.

İqtisadiyyatda likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif bazar əməliyyatları alətlərindən cari ildə də adekvat istifadə edib. Bank sistemində izafi likvidliyin mövcudluğu şəraitində Mərkəzi Bankın sterilizasiya alətlərinə tələb bütün aylar üzrə yüksək olaraq qalib. 2021-ci ilin ötən dövründə Mərkəzi Bank 37 not hərracı keçirib.

Cari ilin ötən dövründə dövlət qiymətli kağızlarının gəlirliyi və banklararası bazarda faiz dərəcələri əsasən azalma meylli olub. Ümumilikdə dövlət qiymətli kağızlarının gəlirliyi müddətindən asılı olaraq 2-5 faiz bəndi civarında azalaraq ilin sonuna 4-7% intervalında formalaşıb. Yalnız son aylarda bu faizlərdə müəyyən artım müşahidə olunub. Kredit və depozitlər üzrə nominal faizlərdə əhəmiyyətli dəyişiklik müşahidə edilməyib. Cari ilin noyabrında manatla yeni kreditlər üzrə orta faiz 17%, yeni cəlb edilmiş əmanət və depozitlər üzrə orta faiz 8.5% olub. İnflyasiyanın yüksəlməsi real faizlərin azalması ilə müşayiət olunur.

Mərkəzi Bank qeyd edir ki, 2022-ci ildə faiz dəhlizi parametrlərinə dair qərarlar yenilənmiş makroiqtisadi proqnozlar, xarici və daxili xərc amillərinin inflyasiyaya transmissiyası, inflyasiya gözləntiləri və risk balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcək. Bu zaman kontr-tsiklik pul siyasətinin həyata keçirilməsi prinsipi əsas götürüləcək. Faiz dəhlizinin Mərkəzi Bankın İdarə Heyətində müzakirəsinin əvvəlki illərdə olduğu kimi 2022-ci ildə də öncədən ictimaiyyətə açıqlanmış qrafikə uyğun olaraq təşkil edilməsi nəzərdə tutulur.

Banker.az olaraq buna şərh kimi bildirə bilərik ki, bir haldakı requlyator Azərbaycan Mərkəzi Bankı 4% üzərində inflyasiya proqnoz edirsə, demək ki, növbəti ildə nəinki faiz endiriminə, hətta artımına daha çox meylli olacaq. Çünki, bəzi hallarda AMB praktikada haqlı olaraq inflyasiyanın artımına daha çox “dözümsüzlük” göstərir.

Məsələn, 2022-ci ildə də AMB-nin pul siyasətinin başlıca məqsədi inflyasiyanın hədəf diapazonuna (4±2%, yəni 2-6% arası) doğru dinamikasının təmin edilməsi olacaqdır.

AMB onu da əlavə edib ki, yenilənmiş son inflyasiya proqnozlarına görə baza proqnozunda (2-6% arası) qeyd olunan şərtlər daxilində 2022-ci ilin ikinci yarısından inflyasiyanın bu diapazonun yuxarı intervalına doğru irəliləməsi baş verəcəkdir.

2022-ci ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə olmaqla aşağıdakı qrafiklə ictimaiyyətə təqdim ediləcək:

* 28 yanvar

* 18 mart

* 29 aprel

* 17 iyun

* 29 iyul

* 16 sentyabr

* 28 oktyabr

* 16 dekabr

Qeyd olunan tarixlərdən 28 yanvar, 29 aprel, 29 iyul28 oktyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaqdır.

Son xəbərlər
Digər xəbərlər