12 C
Baku
Saturday, November 23, 2024

Bu il təxminən 19 milyard kubmetr qaz ixrac ediləcək

“Bu il təxminən 19 milyard kubmetr qaz ixrac ediləcəkdir. Ondan 8 milyarddan çoxu Türkiyə, 7 milyarddan çoxu İtaliyaya ixrac ediləcək. Qalan qaz Gürcüstan, Bolqarıstan, Yunanıstan arasında bölünəcək. Yəni bu, böyük rəqəmdir və eyni zamanda, daxili tələbat da artır və artacaq. Biz daxili tələbatı ödəyirik. Bütövlükdə Azərbaycanda 45 milyard kubmetr qazın hasilatı gözlənilir”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Qeyd etdiyim kimi, 19 milyard ixraca gedəcək, qalan hissə isə daxili tələbata və lay təzyiqini saxlamaq üçün neft laylarına yenidən qazın vurulmasına. Bu, böyük həcmdir və əlbəttə, bizə imkan verəcək ki, həm öz tələbatımızı ödəyək, eyni zamanda, Avropa məkanına daha böyük həcmlə çıxa bilək. Məhz bizim bu layihəmiz, eyni zamanda, Avropa ölkələri arasındakı interkonnektorların, bağlantıların tikintisinə də rəvac verdi və indi orada bu sahədə də işlər görülür. Beləliklə, fiziki olaraq, yəni infrastruktur nöqteyi-nəzərindən biz qazımızı başqa ölkələrə də çatdıra bilərik, nəzərə alsaq ki, “Şahdəniz”in çox böyük potensialı var. Bunun, düzdür, təsdiq edilmiş həcmi 1 trilyon kubmetrdən çoxdur. Amma mən tam əminəm ki, daha çox olacaq, necə ki, Azəri-Çıraq-Günəşli. İlkin hesablamaları göstərirdi ki, 500 milyon tondur, amma bunun potensialı artıq 1 milyardı ötür. Üstəgəl, gələcəkdə Abşeron qaz yatağı istismara veriləcək. Ümid, Babək, Asiman, yəni bir çox qaz yataqlarımız tədricən artıq işlək vəziyyətə çıxacaq və bizim həcmimiz böyük dərəcədə artacaq. Bu, bizim böyük üstünlüyümüzdür. Həm ölkəmizə əlavə vəsait gətirəcək, ölkəmizin beynəlxalq imkanları genişlənəcək və təbii ki, Avropa İttifaqı-Azərbaycan əlaqələrində bu faktor bundan sonra da mühüm rol oynayacaq”, – İlham Əliyev qeyd edib.

 

 

Son xəbərlər
Digər xəbərlər