“NATO Rusiyanın Ukrayna ilə bağlı hansı addımlar atmaq niyyətində olduğunu bilmir”.
Bunu alyansın baş katibi Yens Stoltenberq BBC-yə müsahibəsində bildirib.
“Rusiyanın Ukrayna ilə bağlı niyyətləri ilə bağlı qeyri-müəyyənliyimiz var”, – Stoltenberq deyib.
Onun sözlərinə görə, NATO vəziyyətin gərginləşəcəyi təqdirdə Ukraynaya qoşun yeritməyi planlaşdırmır.
Baş katib əlavə edib ki, bunun əvəzinə NATO əsas diqqətini Ukraynaya silah tədarükünə və Rusiyaya qarşı sanksiya tədbirlərinin inkişafına yönəldəcək.
NATO-nun baş katibinin fikrincə, Rusiya və Qərb regionda gərginliyin dərəcəsini azaltmaq üçün diplomatik yollardan istifadə etməlidir. Bu baxımdan Stoltenberq Böyük Britaniyanın baş naziri Boris Consonun gələn həftə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqları aparmaq istəyini müsbət qiymətləndirib.
Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin qeyd edib ki, Birləşmiş Ştatlar Ukrayna ətrafında vəziyyətin diplomatik yolla həllinə sadiqdir.