Amerikanın “Nvidia” korporasiyası mikrosxem istehsalçısı “Arm” ilə 40 milyard dollarlıq müqavilədən imtina etmək istəyir.
Banker.az xəbər verir ki, mənbələrdən birinə görə, şirkət artıq müqavilə iştirakçılarına planları barədə məlumat verib. Bununla yanaşı, “Nvidia” və “Arm” hələ də tənzimləyicilərlə danışıqlar aparmağa çalışdıqlarını və sövdələşmə ilə bağlı yekun qərarın hələ verilmədiyini bildiriblər.
“Arm” – dünyanın ən böyük çip istehsalçılarından biridir. Şirkət əsasən neytrallıq siyasəti sayəsində uğur qazanıb. “Nvidia”nın bu siyasəti davam etdirəcəyinə dair vədlərinə baxmayaraq, tənzimləyicilər “Arm”ın yanaşmasının “Nvidia”nın maraqlarına uyğun olaraq dəyişəcəyindən qorxurlar.
Bu, Böyük Britaniya, Aİ və ABŞ tənzimləyicilərini müqaviləni diqqətlə nəzərdən keçirməyə vadar edib, ABŞ Federal Ehtiyatlar Sistemi (FED) isə hətta müqaviləni dayandırılmaq tələbini irəli sürüb.
Xatırladaq ki, müqavilə “Nvidia”nın “SoftBank”a 21.5 milyard dollar dəyərində səhm və 12 milyard dollar nağd pul ödəməsini nəzərdə tutub. Bundan əlavə, “Arm” müəyyən maliyyə hədəflərinə çatdığı təqdirdə “SoftBank” əlavə 5 milyard dollara qədər nağd pul və ya səhm əldə edəcək.
Hələ 2021-ci ilin avqustunda “Nvidia” əmin idi ki, sənaye tənzimləyiciləri istehsalçını almaq üçün onların planlaşdırdıqları müqaviləni təsdiq edəcəklər. Lakin eyni ayda İlon Mask da bununla bağlı açıqlama verib. Sahibkar sövdələşmənin təsdiqinə qarşı çıxıb, çünki hesab edib ki, bu, bazarda ədalətli rəqabətə təhlükə yarada bilər.