Ukrayna Xarici İşlər Nazirliyi Rusiyadakı müvəqqəti işlər vəkili Vasili Pokotilonu məsləhətləşmə üçün geri çağırıb.
Bu barədə Ukrayna XİN məlumat yayıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ona XİN-dən Rusiya ilə diplomatik münasibətlərin kəsilməsinə dair sorğunun göndərildiyini bildirib. Dövlət başçısı sorğunu nəzərdən keçirəcəyini söyləyib.
Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.