3 C
Baku
Saturday, December 14, 2024

Rusiyanın SWIFT-dən uzaqlaşdırılmasının nəticələri necə olacaq? – ŞƏRH

SWIFT-dən uzaqlaşdırma Rusiya şirkətlərinin beynəlxalq ödənişlərinə ciddi təsir göstərəcək.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov məlumat verib.

Böyük Britaniyanın baş naziri Boris Consonun Rusiyanı SWIFT-dən uzaqlaşdırılacağı ilə bağlı bəyanatı xatırladan millət vəkili Federasiyanın SWIFT-dən uzaqlaşdırılmasının onun iqtisadiyyatına necə təsir göstərəcəyi barədə şərh verib:

“SWIFT pulun dünyanın bir hissəsindən başqa yerinə sərhədsiz göndərilməsinə imkan verən beynəlxalq maliyyə strukturudur. Mənası Qlobal Banklararası Maliyyə Rabitəsi Assosiasiyasıdır (Society for Worldwide Interbank Financial Telecommunication). 1973-cü ildə yaradılan və baş ofisi Brüsseldə yerləşən sistem dünyanın 200 ölkəsini, ümumilikdə 11 min maliyyə institutu və bankı əhatə edir. Bu sistem vasitəsilə hər gün 40 milyondan çox mesaj göndərilir və trilyonlarla dollarlıq maliyyə vəsaiti şirkətlər və ya hökumətlər arasında transfert olunur.

SWIFT-dən uzaqlaşdırma Rusiya şirkətlərinin beynəlxalq ödənişlərinə ciddi təsir göstərəcək. Çünki bu halda Rusiya şirkətləri nağdsız ödənişlərdə ciddi çətinliklər ilə üzləşəcəklər. Bu xüsusən, strateji məhsullarının ixracatında Rusiya üçün çətinliklər yaradacaq.

Rusiyanın aparıcı şirkətlərinin səhmlərinin birjalarda indeksləşdirildiyini nəzərə alsaq SWIFT-siz gələcək şimalda fəaliyyət göstərən sahibkarlar üçün yaxşı nə isə vəd etmir. Müqayisə üçün deyək ki, 2012-ci ildə İranın bu sistemdən uzaqlaşdırılması cənub qonşumuz üçün ticarət dövriyyəsinin 1/3-ni itirmək demək oldu.  Bu baxımdan, SWIFT-dən kənarlaşmda Rusiyanın xarici ticarət dövriyyəsinin azalmasına gətirib çıxarmaqla, şirkətlərinin səhmlərinin ucuzlaşmasına səbəb olacaq”.

Vüqar Bayramov qeyd edib ki, Dünya Ticarət Təşkilatının məlumatına görə, 2020-ci ildə Rusiyanın ümumi ixracatı 332,2 milyard dollar, idxalı isə 240,4 milyard dollar olub:

“2020-ci ildə Rusiyanın xarici ticarətdə müsbət saldosu pandemiya səbəbindən əvvəlki ilə nisbətən 179,5 milyard dollardan 91,8 milyard dollaradək azalıb. 2019-cu ildə isə Rusiyanın ixracatı 426,7 milyard dollar, idxalı isə 247,1 milyard dollar olub. Rusiyanın ixracatda əsas ticarət tərəfdaşları Çin, Niderland, Almaniya, Belarus və Türkiyə olub. İdxalda isə Çin, Almaniya, Birləşmiş Ştatlar və İtaliya əsas tərəfdaşlardır”.

 

 

Son xəbərlər
Digər xəbərlər