9 C
Baku
Thursday, December 12, 2024

“Bu il güzəştli kredit layihələrinin 93%-i kənd təsərrüfatı sektoruna aiddir”

2022-ci il yanvarın 1-dən martın 10-dək 153 investisiya layihəsinin maliyyələşdirilməsinə 8.6 mln. manat məbləğində güzəştli kredit ayrılıb. Verilmiş kredit hesabına 215 yeni iş yeri açılıb. Kreditlərin layihə sayı üzrə 93%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 6%-i sənaye məhsullarının istehsalı, 1%-i isə xidmət sahələrinin inkişafına yönəldilib. Kreditin məbləği üzrə kənd təsərrüfatı məhsullarının istehsalı 36%, sənaye məhsullarının istehsalı 15%, xidmət sahələrinin inkişafı 49% təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) sədri vəzifəsini icra edən Osman Xaliyev məlumat verib.

O, həmçinin qeyd edib ki, 10 mart 2022-ci il tarixinə qədər dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində sahibkarlara 21 mln. manat həcmində subsidiya ödənilib. Pandemiyadan zərər çəkmiş sahibkarlara mövcud kredit portfeli üzrə ödənilmiş subsidiyanın məbləği 63.2 mln. manatdır. Eyni zamanda indiyədək Fond tərəfindən ümumi dəyəri 156 min manat, kredit məbləği 124.8 min manat olan 1 investisiya layihəsinə avadanlıq krediti verildiyini bildirib.

Xaliyev əlavə edib ki, hazırda SİF ümumilikdə 45 müvəkkil kredit təşkilatı ilə əməkdaşlıq edir. Bunların 23-ü bank, 10-u bank olmayan kredit təşkilatı, 12-si də kredit ittifaqıdır.

Onun sözlərinə görə, SİF tərəfindən “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na uyğun olaraq 10 ilədək 5 faizlə güzəştli kreditlər verilir. Fondun vəsaitinin yerləşdirilməsi üzrə işğaldan azad olunmuş ərazilərdə biznes layihələrinin dəstəklənməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bununla yanaşı, “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 dekabr tarixli 3037 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 22 dekabr tarixli 713s nömrəli Sərəncamının 2-ci bəndinə əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı təkliflərin təqdim edilməsi tapşırılıb. Bu işlərin həyata keçirilməsi məqsədilə SİF tərəfindən təkliflər hazırlanıb, razılaşdırılmaq üçün aidiyyəti qurumlara göndərilib.

Fondun Müşahidə Şurasının qərarına əsasən, vəsaitlərin səmərəli yerləşdirilməsi məqsədilə 2022-ci il üçün iqtisadiyyatın sahələri üzrə prioritet istiqamətlər və layihələrin qiymətləndirilməsi zamanı üstünlük veriləcək meyarlar təsdiq edilib. Meyarlara əsasən, qeyri-neft sektorunun inkişafı üzrə innovativ texnologiyalara əsaslanan, eləcə də idxal əvəzləyici və ixracyönümlü istehsal və emal müəssisələrinin yaradılması, ətraf mühit, sosial, korporativ idarəetmə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanan, mikro, kiçik və orta sahibkarlığın inkişafına, habelə işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi inkişafa xidmət edən biznes layihələrinin dəstəklənməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər