“Təbii ki, biz tərəfdaşlarımızın danışıqlar prosesində fəal tərəf kimi qalmaq cəhdini başa düşürük. İsveç və ya Avstriyanın neytrallıq modelləri haqqında sözlər buradan gəlir. Amma Ukrayna indi Rusiya ilə birbaşa müharibə vəziyyətindədir”.
Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak teleqram kanalında yazıb.
“Buna görə də yalnız Ukrayna modeli ola bilər və yalnız təsdiqlənmiş təhlükəsizlik zəmanətləri ilə. Başqa model və ya seçimlər yoxdur. Bunun mənası nədir? Birincisi, mütləq və məhz effektiv təhlükəsizlik zəmanətləri. Protokol və ya budapeştsayağı yox. Bu isə o deməkdir ki, zəmanəti imzalayan dövlətlər Ukraynaya hücum zamanı bu gün olduğu kimi kənarda durmurlar, münaqişədə Ukraynanın tərəfində fəal iştirak edir və rəsmi şəkildə bizə lazımi qədər silah-sursat verirlər. İkincisi, Ukrayna artıq qanadlı raketlərdən səmanı bağlamağa imkan verən və ya imkan verməyən bürokratik prosedurlardan asılı olmaq istəmir. Səmanın mütləq bağlanacağına dair birbaşa və sərt təminatlara ehtiyacımız var”, – Prezident Ofisinin rəsmisi vurğulayıb.
O əlavə edib ki, Ukrayna heç vaxt qonşularına hücum edən və ya etməyi planlaşdıra militarist dövlət olmayıb:
“Buna görə də bu gün Ukrayna aydın şəkildə müəyyən edilmiş təhlükəsizlik zəmanətləri ilə həqiqətən güclü müttəfiqliyə sahib olmaq istəyir”.
Qeyd edək ki, Ukraynanın Nüvə silahlarının yayılmaması haqqında müqaviləyə qoşulması ilə əlaqədar təhlükəsizlik təminatlarına dair Memorandum (və ya qısaca Budapeşt Memorandumu) Ukraynanın Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsinə qoşulması ilə əlaqədar təhlükəsizlik təminatlarına dair dövlətlərarası sənəddir. 1994-cü ildə Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ liderləri tərəfindən imzalanıb və hələ də heç bir dövlət tərəfindən ratifikasiya edilməyib.
Rəsmi Kiyev üçün Budapeşt Memorandumu 2014-cü ilin əvvəlində Rusiyanın Krımı ilhaq etməsi ilə ən mühüm sənədə çevrilib. Memorandumun interpretasiyasının əsas problemi sənədin ratifikasiya olunmamasıdır. Ukrayna israr edir ki, sənəd dövlət başçıları tərəfindən imzalanıb və imzalandığı andan qüvvəyə minib. Bu mövqenin əleyhdarları hesab edirlər ki, memorandum ratifikasiya olunmadığı üçün sənədi sadəcə bəyannamə hesab etmək olar.