Bu ilin fevral ayı ərzində 26 194 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin fevral ayı ilə müqayisədə 8.1% çoxdur.
Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, aylıq göstəricinin 7 587-i (17.02%-i) ilkin, 18 607-i (82.98%-i) isə təkrar qeydiyyatın payına düşüb.
Nazirlikdən verilən məlumata əsasən, mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3 718-i fərdi yaşayış və bağ evi, 6 293-ü mənzil, 15 302-si torpaq sahəsi, 269-u qeyri-yaşayış binası, 534-ü qeyri-yaşayış sahəsi, 71-i əmlak kompleksi, 7-si isə çoxmərtəbəli yaşayış binasıdır. Qeyd edək ki, cari ilin fevral ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 6 727-si Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.
Ötən ay ərzində 1 302 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 5.1% artıb. Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, keçən ilin eyni dövrü ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı 3.6 dəfə artaraq 4 612 olub.
Fevral ayı ərzində 20 948 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 7.8% artım deməkdir. 2022-ci ilin fevral ayında qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 32.6% artaraq 4 723 olub.