Qurbanəli Babaşov təxminən 25 ilə yaxındır ki, Şamaxı rayonunda üzümçülüklə məşğuldur. Bu müddət ərzində onun saldığı üzüm bağlarının sahəsi 1,5 hektardan 12 hektara çatıb.
Hektarın məhsuldarlığı isə 100 sentnerdən 200-ə qalxıb. Hektardan 300 sentner üzüm yığdığı mövsüm də olub. Bundan başqa, fermer hər il yarım hektar sahədə xəstəliklərə və iqlim dəyişikliklərinə davamlı 50-60 min üzüm tingi də yetişdirib. Bir sözlə, Q.Babaşov Şamaxıda əlinin qabarına güvənən tanınmış üzümçülərdəndir. Amma o, redaksiyamıza bu rəqəmlərlə öyünmək, qürrələnmək üçün gəlməmişdi.
Təcrübəli üzümçü onu düşündürən, rahatsız edən suallarla qapımızı açmışdı. Məqsədi dərdini danışmaq, fikirlərini ictimailəşdirmək idi. Torpağın və üzümçülüyün sirlərinə dərindən bələd olan mütəxəssisin, həm də təkcə onun yox, özü kimi digər kiçik üzümçülük təsərrüfatlarının problemi isə odur ki, onlar yetişdirdikləri məhsulu son bir neçə ildir sata bilmirlər: “Ömrümün 23 ilini üzümçülüyə həsr etmişəm, ruhum torpaqla nəfəs alır. Mənim üzüm bağlarım sanki bədənimin bir parçasıdır. Bağda nəsə alınmayanda yuxum ərşə çəkilir, özümə yer tapa bilmirəm. Neçə ildir ki, istehsal etdiyimiz üzümü sata bilmirik, qazanc yerinə ziyanımızı sayırıq, başımızdan tüstü çıxır. İl ildən bəd gəlir”.
Qurbanəli Babaşov etiraf edir ki, üzümçülüklə məşğul olduğu bu uzun illər ərzində dövlət həmişə onların arxasında durub. Güzəştlərin edilməsi, kreditlərin verilməsi, dərman preparatlarının, subsidiyaların ayrılması ölkədə kənd təsərrüfatının, o cümlədən üzümçülüyün inkişafında katalizator rolunu oynayıb.
Bu gün ölkəmizdə dövlətin aqrar siyasətinin faktiki olaraq iki qanada arxalandığını görürük. Bir tərəfdən aqrar islahatlar çərçivəsində yeni, yüksək texnologiyalara söykənən aqroholdinqlər yaradılır, digər tərəfdən kiçik pay torpaq sahiblərinə həmin aqroholdinqlərlə əlaqələr qurmağa, həm də ayaqda qalmaq üçün geniş güzəştlər paketi tətbiq etməklə onların mütənasib və harmonik inkişafına dəstək verilir. Yeri gəlmişkən, qeyd edək ki, dövlətin ciddi dəstəyi sayəsində yaradılan aqroholdinqlər uzun illər bütün kiçik fermerlər üçün pilot layihələri kimi xususi maraq kəsb edirdi. Bu siyasət ona hesablanmışdı ki, aqroholdinqlərlə kiçik fermerlər arasında iqtisadi əlaqələr getdikcə dərinləşsin, təcrübə mübadiləsi artdıqca əməkdaşlıq daha geniş çərçivələri əhatə etsin və ölkənin ərzaq təchizatında ehtimal edilən çətinliklərin qarşısı asanlıqla alınsın. Amma Q.Babaşovun da dediklərindən məlum olur ki, bu gün bir çox halda aqrar sektorun bu iki qolu eyni məqsədə qulluq etmək əvəzinə bir-biri ilə qeyri-sağlam rəqabətdədirlər və nəticədə həm ölkənin ərzaq təhlükəsizliyinin təminatında, həm də bazara çıxışların və qiymətlərin tənzimlənməsində gözlənilən səmərəni almaq mümkün olmur.
Q.Babaşov bunu belə izah edir: “Bizim – kiçik pay torpaq sahiblərinin ən böyük problemi odur ki, istehsal etdiyimiz üzümü sata bilmirik. Faktiki olaraq belə getsə, bir neçə ilə içi mən qarışıq kiçik fermerlərin hamısı müflis olacaq. Biz dəfələrlə təkliflərimizi yuxarı idarələrə təqdim etmişik, bizə qulaq asırlar, amma təəssüf ki, kirimişcə də dediklərimizin üstündən keçib gedirlər”.
Fermer problemlərin siyahısını cibində gəzdirir: doludağıdan qurğuların bərpası, dərman preparatlarının baha olması, bilikli aqronom və mexanizatorların tapılmaması, qabaqcıl təcrübənin təbliğinin aparılmaması və s. Siyahı uzundur. Bununla bərabər, təklifləri də var: vəziyyətdən çıxmaq üçün bu gün hər rayonda tingçilik təsərrüfatları yaradılmalı və heç olmasa bir şərab zavodu tikilməlidir ki, hamı yeni damalı tingləri ala və üzümünü başağrısız təhvil verə bilsin.
“Aqroholdinqlərin hər şeyi var, üzümlükləri də o qədər genişdir ki, havayı versək də, bizim məhsulumuzu almağa maraq göstərmirlər. Zəif də olsaq, onlar üçün rəqibik, ona görə də sıxırlar. Süfrə üzümlərini bazara müntəzəm çıxarmaq üçün kiçik fermer təsərrüfatlarının soyuducuları çatmır. Yəni hər tərəfdən sıxılırıq”, – deyən üzümçünün yadına 18 iyul 2016-cı il tarixli “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanununu salırıq. Üstəlik də bildiririk ki, bütün bu problemlərin həlli yollarının hamısı orada əksini tapmışdır. Qanunda kənd təsərrüfatı kooperativlərinin təşkilinin və fəaliyyətinin hüquqi və iqtisadi əsasları müəyyən edilmiş, kooperativlərdə birləşən fermerlərə geniş imtiyazlar və səlahiyyətlər verilmişdir. Həmçinin qanunda istehsal, istehlak, satış, tədarük, təchizat, kredit, sığorta və s. kimi kooperativlərin yaradılması nəzərdə tutulmuşdur. Ən maraqlısı isə ayrı bir fəsildə bizim təcrübəli üzümçünün dediyi kənd təsərrüfatı məhsullarının bazarlarının harada və necə yaradılması ilə bağlı fermerlərə geniş imkanlar verilmişdir. Soruşuruq ki, qanunun verdiyi bu səlahiyyətlərdən istifadə edib niyə birləşmirsiniz? Q.Babaşov cavabında “Kooperasiya haqqında qanun bizim mentalitetin güdazına gedib. Bizdə atalar sözü var: “Şərikli arvadın olsun, amma şərikli malın olmasın”. Bəli, bu, reallıqdır. Bütün dünya artıq ikinci əsrdir ki, kooperativlər yaradır, amma biz hələ də birləşməkdən qorxuruq. Dövlətin bu xeyirxah təşəbbüsünü “dəfn” etməyi özümüzə ar bilmirik.
2002-ci ildən üzü bəri həm Ulu Öndər Heydər Əliyev, həm də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən üzümçülük və şərabçılığın inkişafı haqqında sənədlər imzalanmış, dövlət proqramı qəbul edilmiş, bu sahənin irəliləməsi üçün bütün zəruri addımlar atılmışdır. Ölkədə aqrar sektorun digər sahələrində olduğu kimi, üzümçülükdə də canlanma yaranmışdır.
Bununla belə Qurbanəli Babaşovun qaldırdığı problemlər həll edilməmiş qalmışdır. Üzümçü danışır ki, fermerlər özlərinə mayası 30 qəpiyə başa gələn bir kilo üzümü şərab zavodları olan şirkətlərə 20 qəpiyə satmaq məcburiyyətində qalırlar: “Qəribə odur ki, ölkədəki şərab zavodları müxtəlif biznes qurumlarının və aqroparkların nəzdində olsalar da, kiçik fermerlərin malını eyni qiymətə alır, elə bil ki, sövdələşiblər, sanki qiymət bir mərkəzdən diktə edilir və həmin mərkəz mahiyyət etibarilə kiçik fermeri sıradan çıxarmağa, fəaliyyətini dayandırmağa çalışır”.
Q.Babaşov dövlətin onlara münasibətindən razıdır. Deyir ki, bu gün dövlət aqrar sektorda kiçik sahibkarlara, fermerlərə bütün istiqamətlərdə dəstək verir, onlara dərman preparatlarının verilməsindən texnikaların alınmasınadək ciddi güzəştlər paketi təqdim edir. Sonra da sözünə davam edərək bildirir ki, dovlət mənə hər il yüz yardım etsin, əgər mən məhsulumu bazara çıxaranda batırıramsa, bu yardımların mənə nə faydası?
Görəsən, bu haqlı sual və gileyə nəhayət ki, cavab verən tapılacaqmı?
Bahadur İmanquliyev, Azərbaycan qəzeti