10 C
Baku
Friday, December 13, 2024

Türkiyə milyardlıq layihəni işə salır -VİDEO

Rusiya-Ukrayna müharibəsi, İrana qarşı embarqolar Yaxın və Orta Şərq regionunda Şimal-Cənub nəqliyyat dəhlizləri arasında ticarəti çətinləşdirib. Bütün bunlar Türkiyə və Azərbaycanın daxil olduğu Orta Dəhlizin strateji əhəmiyyətini artırıb.

İldə 600 milyard dollardan çox ticarətə imkan yaradan bu dəhlizin inkişaf etdirilməsi hazırda rəsmi Ankaranın əsas hədəflərindən birinə çevrilib. Təsadüfi deyil ki, Rəcəb Tayyib Ərdoğan qazax həmkarı Kasım-Jomart Tokayevlə sonuncu telefon danışığında məhz bu layihənin inkişaf etdirilməsi məsələsini müzakirə edib.

Orta Dəhlizin fəaliyyətinin intensivləşməsi Azərbaycan üçün də bir çox siyasi və iqtisadi fürsətlər yaradır. Belə ki, bu halda Bakı-Tbilisi-Qars dəmiryolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanından əldə edilən gəlirlərdə ciddi artım ehtimalı var.

İqtisadçı Əkrəm Həsənov məsələ ilə bağlı qeyd edib ki, bu dəhlizdən istifadənin intensivləşməsi Azərbaycana böyük gəlirlər gətirəcək və müxtəlif mallarımızın, yüklərimizin bu dəhliz vasitəsilə daşınmasına və nəticədə iqtisadiyyatımızın inkişafına gətirib çıxaracaq.

Qeyd edək ki, Orta Dəhliz Asiya ilə Avropa arasında ticarət və nəqliyyat imkanlarını formalaşdıran üç strateji tranzit layihədən biridir. Qarabağın işğaldan azad edilməsi, Türkiyə-Ermənistan münasibətlərinin normallaşma mərhələsinə qədəm qoyması və Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının başlanması beynəlxalq aləmdə bu dəhlizin təhlükəsizliyinə olan etibarı artırıb.

 

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər