13 C
Baku
Friday, November 22, 2024

Maliyyə Nazirliyi: “Bu gün beynəlxalq maliyyə qurumları bizimlə əməkdaşlıq edib borc vermək istəyirlər”

Bu gün Azərbaycana borc vermək istəyən bir çox beynəlxalq maliyyə qurumu və kreditor mövcuddur.

Bunu Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov deyib.

“Onlar bizim qapımızı döyür, onlar bizimlə əməkdaşlıq edib borc vermək istəyirlər. Məsələn, Avropa İttifaqı iki maliyyə qurumu vasitəsi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnvestisiya Bankı vasitəsi ilə artıq 2 milyard avroluq portfel -kredit xətti ayırıb.Bu vəsaitlər postmüharibə dövründə bərpa üçün nəzərdə tutulub və onları qarşılıqlı razılaşdırılmış layihələrə ayrımaq niyyətləri var”, – A. Mursaqulov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti, bununla yanaşı, Dünya Bankı və Asiya İnkişaf Bankı ilə əməkdaşlıq edir, onların artıq ekspert səviyyəsində işğaldan azad edilmiş ərazilərə səfərləri də olub, qiymətləndirmələri də olub: “Hal-hazırda biz onlarla danışıqlar mərhələsindəyik. Onlar konkret hansı layihələr üzrə vəsait ayıracaqları müəyyənləşdirilir. Yenə qeyd edim ki, onların özlərinin marağındadır ki, bizə kredit ayırsınlar.

Bundan başqa, bizim beynəlxalq maliyyə bazarlarında ticarət olunan 3 valyutada fərqli-fərqli dövrl üçün buraxılan istiqrazlarımız da var. Biz agentlik olaraq mütəmadi şəkildə bu istiqrazların sahibi olan investorlarla görüşlər keçiririk. Onları ölkədə aparılan islahatlar, statistik göstəricilər barədə məlumatlandırırıq. Onların daim tələb etdiyi şey, daha çox borc buraxmaq, yəni bildirirlər ki, biz sizin kimi borc alıb xidmət edən borc alanlara ehtiyacımız var.

Biz də hər verilən təklifi qiymətləndiririk, ancaq bizim öz strategiyamız var. Bizim də borcumuz ondan ibarətdir ki, hər verilən təklifi qiymətləndirək – bizim ilk növbədə strateji məqsədlərimizə uyğun gəlib-gəlmədiyini, seçim meyarlarımızdan keçir-keçmədiyini və bütün bunları qiymətləndirəndən sonra seçim edirik”.

 

 

Son xəbərlər
Digər xəbərlər