ABŞ hakimiyyəti Moskvaya təsir etmək üçün bütün ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara əməl etməsini təmin etmək istəyir.
Bu barədə ABŞ Maliyyə nazirinin birinci müavini Adevale (Uolli) Adeyemo bildirib.
“Zamanla məqsədimiz bütün dünya dövlətlərinin bizim sanksiyalara əməl etməsini təmin etməkdir, çünki bu yolla Rusiyaya təsirimiz olacaq. Və biz ölkələrin bunu etməsini gözləyirik, çünki bizim qurduğumuz geniş koalisiya ölkələri ilə iş görməyin faydaları daralan Rusiya iqtisadiyyatı ilə iş görməyin faydalarından qat-qat üstündür”, – deyə o, vurğulayıb.
Onun sözlərinə görə, bəzi ölkələr ABŞ-ı Vaşinqtonun təşəbbüsü ilə Qərbin Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməsi ilə əlaqədar dünya iqtisadiyyatında parçalanma təhlükəsi yaratmaqda ittiham edir:
“Mənim gəldiyim nəticə isə bunun əksidir: biz təkcə mövcud sistemin nə qədər əvəzsiz olduğunu və ondan kənarda qalmağın nə qədər baha başa gəldiyini deyil, həm də ondan qaçmağa çalışmağın mənasızlığını göstəririk. İndi ortaq rifahı təmin etməyə və yaramaz aktyorları məsuliyyətə cəlb etməyə qadir olan ortaq maliyyə arxitekturasına sərmayəmizi ikiqat artırmağın vaxtıdır”.