10 C
Baku
Wednesday, December 11, 2024

Rusiya narahatdır — Ukrayna üçün qorxu divarı yıxılıb…

ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Ostinin Kiyevə səfəri ilk növbədə ciddi siyasi-mənəvi dəstək nümayişidir.

Amma təkcə bu deyil.

Səfər zamanı ABŞ-ın Ukraynaya daha $322 mln-luq silah-sursat göndərəcəyi açıqlanıb. Blinken bildirib ki, Ukraynaya silah dəstəyi yekun uğur əldə edilənə qədər davam edəcək. Ostin də Polşada jurnalistlərə açıqlamasında analoji bəyanat verib, ancaq onun cümlələrində bir məqam diqqətimi çəkdi. General Ostin Ukraynadan danışarkən “biz” şəxs əvəzliyindən istifadə edir:

“Qələbəyə ilk addım qələbəyə inanmaqdır. Biz inanırıq ki, qalib gələ bilərik, onlar qalib gələ bilər – əgər düzgün dəstək və düzgün vasitələr olarsa. Biz əlimizdən gələn hər şeyi etməyə hazırlaşırıq və edirik”.

Sabah ABŞ-ın Almaniyadakı Ramştayn aviabazasında vəziyyətlə bağlı 20-dən çox dövlətin təmsilçilərinin iştirakı ilə qapalı toplantı keçiriləcək. Toplantıda Ukraynanın hazırkı mərhələdə və müharibədən sonra silahlandırılması məsələsi müzakirə olunacaq.

Rusiya Ukraynanın silahlandırılmasının tempindən və daxil olan silahların keyfiyyətindən ciddi şəkildə narahatdır. Artq bu mərhələdə gəlməkdə olan silah sistemləri (155 mm-lik M-777, M-109, AS-90, “Caesar”, “Panzerhaubitze” artilleriya qurğuları) Ukraynanın bu sahədə Rusiyadan üstünlüyünü təmin edəcək. NATO mərmiləri dəqiqliyinə və dağıdıcı gücünə görə rusiyalı analoqlarından üstündür. Hələ peykdən idarə olunan “Excalibur” mərmiləri var ki, bunlar hazırda dünyanın ən dəqiq artilleriya mərmiləri sayılır. Lakin Rusiyanı narahat edən başlıca məqam bu da deyil.

Moskva özü üçün aydınlaşdıra bilmir ki, bu proses harada dayanacaq. Tutaq ki, bu gün Ukraynaya taktiki dronlar verilirsə, sabah Moskvaya qədər uçub-qayıtmaq qabiliyyətində olan MQ-9 “Reaper” kəşfiyyat-zərbə dronları verilsə, nə olacaq? Yaxud Rusiyanın Ukrayna ətrafındakı bütün aerodromlarını, hərbi hissələrini, silah-sursat və yanacaq anbarlarını, Sevastopoldakı Qara dəniz donanmasının qərargahını və limandakı hərbi gəmilərini dəqiqliklə vuracaq raketlərin Ukraynaya verilməyəcəyinə təminat varmı?

“Ukrayna bunu eləməz, birdən Putin əvəzində nüvə raketi atar” deyə düşünmək artıq keçərli və inandırıcı deyil.

Bütün qırmızı xətlər aşılıb.

Ukrayna üçün qorxu divarı yıxılıb…

Müəllif:
Şahin Cəfərli

Son xəbərlər
Digər xəbərlər