“TCF” Bank Olmayan Kredit Təşkilatı ASC-nin gəlirlərinin böyük həcmdə artması ilə xalis mənfəətini kəskin artırıb. Bu gəlirlərdə artıma səbəb isə böyük həcmli kreditlərdir.
Banker.az bu barədə BOKT-nin illik audit hesabatına istinadən xəbər verir.
ANR Audit adlı şirkət tərəfindən rəy verilən audit hesabatında qeyd edilir ki, “TCF” BOKT-un faiz gəlirləri 2021-ci ildə illik müqayisədə 3.7 dəfə artaraq 1 946 min manat olub. Faiz xərcləri isə 504 min manat təşkil edib. Bununla da kredit təşkilatın xalis faiz gəlirləri 1 443 min manat (öncəki il 405 min manat) olmuşdur.
Bununla belə BOKT-un 508 min manatlıq əməliyyat xərcləri (312 min manat), 20 min manat (7 min manat) təşkil edib. 98 min manatlıq mənfəət vergisi xərcindən sonra BOKT-un xalis mənfəəti 818 min manat olub. Təşkilatın 2020-ci ildə 88 min manat xalis mənfəət etmişdi.
Kredit təşkilatının balansındakı zərər 531 min manatlıq bölüşdürülməmiş mənfəətlə əvəzlənib.
BORCLAR GÖTÜRÜB, KREDİT VERİR
“TCF” BOKT-un kredit portfeli 2 748 min manatdan 12 997 min manata yüksəlib. Kredit təşkilatının portfelində fiziki şəxslərin payı əsasdır.
BOKT bu kreditləri vermək üçün böyük borc altına girib. Məsələn, 2021-ci ilin əvvəli banklar qarşısında 2 mln. manatlıq borc öhdəliyi olduğu halda, ilin sonuna bu rəqəm 5 dəfə artaraq 10 mln. manata yüksəlib.
BOKT ötən il ərzində işçi sayını 32 nəfərdən 48 nəfərə qədər artırıb.
Xatırladaq ki, “TCF” BOKT 2010-cu ildə yaradılıb. 450 min manat səhm kapitalının 100%-i Tahir Rəhimov adlı fiziki şəxsə məxsusdur.