12 C
Baku
Wednesday, December 11, 2024

Ələt İqtisadi Zonasına verilən güzəştlərin artırılmasına dair layihə I oxunuşda qəbul edilib

Ələt İqtisadi Zonasına verilən güzəştlər artırılır.

Banker.az xəbər verir ki, bununla bağlı “Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Layihə barədə məlumat verən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə daxil olan qanun layihəsində Ələt İqtisadi Azad Zonanın fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar yeni maddələr öz əksini tapıb.

Komitə sədri diqqətə çatdırıb ki, təqdim olunan qanun layihəsi Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin və bu sahədə qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanıb və Zonanın səlahiyyətli qurumunun səlahiyyətlərində, onun hüquq və vəzifələrində, Azad zonada vergi və gömrük tənzimləməsində, investorların hüquqlarının qorunmasında və mübahisələrin həlli mexanizmlərində müvafiq təkmilləşdirmələri nəzərdə tutur.

Dəyişikliklərdə Azad Zonada vergi tənzimlənməsinin dəqiqliyini təmin etmək, güzəşt və azadolmaların hədlərini və səmərəliyini artırmaq üçün “əsas iqtisadiyyatın vergi ödəyicisi” anlayışının daxil edilməsi, 4-cü maddənin adının “Azad Zonada tətbiq edilən əsas iqtisadiyyat qanunvericiliyi” olaraq dəyişdirilməsi və Azad zonada tətbiq ediləcək əsas iqtisadiyyat qanunvericiliyi sırasına Azərbaycan Respublikasının cinayət yolu əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə qanunvericiliyinin əlavə edilməsi təklif olunur. Layihədə, həmçinin Azad zona səlahiyyətli qurumunun fəaliyyətinin səmərəliyinin təmin edilməsi üçün hüquqlarının genişləndirilməsi, vergitutma məsələlərinin dəqiqləşdirilməsi, maliyyə xidmətləri göstərildikdə əsas iqtisadiyyatın qanunvericiliyinin tətbiq edilməsi, gömrük münasibətlərində yarana biləcək ziddiyyətlərin aradan qaldırılması ilə bağlı məsələlər öz əksini tapıb.

Bununla yanaşı, sənəddə Azad zonaya investisiya qoymaq və zonadakı fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini xaricə köçürmək hüququ, habelə xarici valyuta ilə işləmək və əməliyyatlar aparmaq hüququ olan şəxslərin dairəsi dəqiqləşdirilir, mübahisələrin həlli ilə bağlı müddəalarda bəzi düzəlişlər aparılıb.

Qanuna edilən düzəlişlərin əsas mahiyyəti Azad zona ilə Azərbaycanın əsas iqtisadiyyatının vergi ödəyiciləri arasında münasibətlərin tənzimlənməsi, vergiqoyma və vergitutmada həmin müəssisələrin digər ölkələrdən olan müəssisələrlə rəqabətdə uduzmaması, gömrük məsələlərində rəsmiləşdirmənin daha rahat olması və Azad zonanın dünyanın istənilən bir ölkəsi ilə rahat formada ticarət əlaqələrinin qurması ilə bağlı məsələlərin həlli ilə əlaqədardır.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər