6 C
Baku
Sunday, December 15, 2024

“OPEC və digər inkişaf etmiş ölkələr də neft bazarında qiymətlərin sabit olmasında maraqlıdırlar”

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) iyul və avqust aylarında neft hasilatının artırılması ilə bağlı qərarı dünya bazarında neftin qiymətinin kəskin artımının qarşısını almaq və eyni zamanda bazarda neftə olan tələbi ödəmək məqsədi daşıyır. Çünki Aİ ilin sonuna kimi Rusiyadan aldığı neftin 92 faizindən imtina etmək qərarına gəlib. Nəzərə alsaq ki, Rusiyanın Aİ-yə neft idxalında payı 27 faiz, qaz idxalında isə 40 faizdir, bu halda OPEC-in Avropaya daha çox neft nəql etmək niyyəti başadüşüləndir. Praktiki olaraq, Avropa bazarında Rusiyanın boşalan yerini OPEC ölkələri tutmağa çalışacaqlar. Bu baxımdan, neft hasilatının artırılması ilə bağlı qərarın verilməsi gözlənilən idi. Eyni zamanda, Aİ-nin son qərarı fonunda neftin bazar qiymətlərində artımlar baş vermişdi. Rusiya Avropa bazarından çıxdıqdan sonra bu bazara yeni neft ixracatı həyata keçirilməsəydi, bu hal neftin qiymətlərində kəskin artımların baş verməsinə gətirə bilərdi. Bütün bunlarla yanaşı, qeyd edilməlidir ki, neftin qiyməti hələ də yüksəkdir. Xüsusilə Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir zamanda OPEC-in hasilatın artılması ilə bağlı qərar verməsinə baxmayaraq, qiymətlərdə kəskin enmələr gözlənilmir. Təbii ki, müəyyən enişlər olacaq, amma indiki halda neftin 1 barelinin qiyməti 110 dollardan çoxdur. Bu, ondan xəbər verir ki, OPEC-in qərarı neft bazarında müəyyən dəyişikliklərə səbəb olsa da, qiymətlərin dəyişməsi baxımından hələlik ciddi təsirlər etməyəcək. OPEC və digər inkişaf etmiş ölkələr də neft bazarında qiymətlərin sabit olmasında maraqlıdırlar, çünki əks-təqdirdə, bu, dünya iqtisadiyyatı üçün neqativ nəticələrə gətirib çıxara bilər.

Banker.az xəbər verir ki, bunları “vergiler.az”a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

“Nəzərə alaq ki, OPEC-in əvvəlki qərarlarından əvvəl də Azərbaycan gündəlik 648 min tondan çox neft hasil edirdi. Ona görə də mövcud potensial, bu istiqamətə yönəldilən investisiya neft hasilatını artırmağa imkan verir. Sözsüz ki, hasilatın kəskin artımı proqnozlaşdırmır, əksinə, gözlənilir ki, növbəti illərdə də Azərbaycanın neft hasilatı bütövlükdə ölkə üzrə 600-700 min barel intervalında dəyişəcək” – deyə o, bildirib.

“Yaşıl enerji” siyasətində uzunmüddətli hədəflər seçən Azərbaycan 2030-cu ilədək özünü “yaşıl artım” ölkəsinə çevirməyi milli prioritetlərdən biri kimi müəyyənləşdirib. Bu hədəfə nail olmaq üçün nələr edilməlidir? sualına isə V. Bayramov belə cavab verib:

“Xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə “yaşıl enerji” və “yaşıl iqtisadiyyat”dan istifadə olunacaq. Artıq Qarabağ və Şərqi Zəngəzurda enerji şəbəkəsi yenilənir, yenidənqurma-bərpa işləri və investisiya qoyuluşları həyata keçirilir. Bu ərazilərin mövcud potensialı imkan verir ki, Azərbaycan orada “yaşıl enerji”yə əsaslanan iqtisadiyyat formalaşdıra bilsin. Digər ərazilərimizdə də “yaşıl enerji” üzrə kifayət qədər potensial mövcuddur. Elə paytaxt Bakıda külək enerjisi kimi alternativ enerji mənbələrindən istifadə üçün geniş imkanlar var. Artıq bununla bağlı bir sıra xarici ölkələri təmsil edən şirkətlərlə sazişlər imzalanıb. Hazırda bu sahədə əməkdaşlıqla bağlı BP ilə xüsusi danışıqlar aparılır. Avropa Yenidənqurma və İnkişaf Bankı ölkəmizdə “yaşıl iqtisadiyyat”a investisiya qoyuluşunda maraqlıdır və bu istiqamətdə danışıqlar gedir. Bütün bunlar ondan xəbər verir ki, yaxın illərdə Azərbaycan “yaşıl iqtisadiyyat”ın formalaşmasına daha çox investisiya cəlb edə biləcək ki, bu da ölkəmizin alternativ enerjindən daha çox istifadə etməsinə, ümumi istehlakda bu sektorun payının artırılmasına imkan verəcək. Hədəf alternativ enerjinin ümumi istehlakdakı payının 20 faizə qədər artırılmasıdır”.

Son xəbərlər
Digər xəbərlər