Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda təsdiq olunmuş təbii qaz ehtiyatları üzrə qiymətləndirilməni azaldıb.
2021-ci ilin sonuna Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 1.917 trln. kubmetr təşkil edib ki, bu da 2020-ci ilin sonu ilə müqayisədə 12.86% azdır.
Qeyd edək ki, OPEC qiymətləndirilmələrinə görə, 2020-ci ilin sonuna Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2.2 trln. kubmetr təşkil edib.
Bülletenə əsasən, ötən ilin nəticələrinə görə, dünyada təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2020-ci illə müqayisədə 0.5% azalaraq, 205.865 trilyon kubmetr təşkil edib.
Xatırladaq ki, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatlarının böyük hissəsi Xəzər dənizində yerləşən “Şahdəniz” qaz-kondensat yatağının payına düşür. “Şahdəniz” layihəsi xarici şirkətlərlə birlikdə həyata keçirilir.
Qeyd edək ki, “Şahdəniz” yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 29.99%), LUKOIL (19.99%), TPAO (19%), SOCAR (14.35%), NICO (10%) və SGC (6.67%) şirkətləri iştirak edir.