Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.
Banker.az Dövlət Gömrük İdarəsinə istinadən xəbər verir ki, Bakı-Berlin aviareysilə gedən Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən xarici valyutanı gömrük orqanına əvvəlcədən şifahi, yazılı, elektron formada bəyan etməyib. Ona məxsus çamadan rentgen aparatından keçərkən monitorda şübhəli predmetlərin təsvirləri müşahidə edilib.
Daha sonra sərnişin şifahi sorğu-sual olunub və çantanın içərisində 10000 avro pul vəsaiti olduğunu bildirib. Yoxlama zamanı isə çantanın içərisindən əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən şəffaf rəngli sellofan paketə bükülmüş vəziyyətdə 150 ədəd hər biri 200 avro nominalında pul əskinasları olmaqla, ümumilikdə 30000 avro aşkar edilib.