Bakı Limanı vasitəsi ilə Azərbaycandan tranzit keçən TIR-ların həcmində 29.5 % artım var.
Bakı Limanından verilən məlumata görə, limanda logistik şirkətlər və ümumilikdə liman istifadəçiləri üçün formalaşdırılan rahat mühit, infrastruktur imkanları eyni zamanda yeni reallıqlar fonunda Avropa, Türkiyə və Mərkəzi Asiya arasında Bakı Limanından keçməklə daşınan ağırtonnajlı nəqliyyat vasitələrinin (TIR) dövriyyəsində ciddi artım qeydə alınıb. Belə ki, ötən ilin ilk altı ayı ərzində Bakı Limanı vasitəsi ilə 18 075 ədəd TIR daşınmışdısa, 2022-ci ilin ilk 6 ayında bu rəqəm 23 410 ədəd olub ki, bu 29.5%-lik artım deməkdir.
Qeyd edək ki, Ələt qəsəbəsində yerləşən Bakı Limanı yeni multimodal logistik mərkəzdə tam olaraq fəaliyyətə başaladığı 2018-ci ildən etibarən TIR aşırılmasında da mütəmadi olaraq artım qeyd alınıb. 2018-ci ildə Bakı Limanında 21 401 ədəd olduğu halda, 2021-ci ildə bu rəqəm 84 %-lik artımla, 39 431 ədəd olub. Müsbət tendensiyanın bu ilin sonunadək də davam edəcəyi proqnozlaşdırılır.