6 C
Baku
Sunday, December 15, 2024

2035-ci ilədək Kaliforniyada benzinlə işləyən yeni avtomobillərin satışı qadağan ediləcək

Kaliforniya qubernatoru Gevin Nyusom bildirib ki, bu ştatın qanunverici orqanı tərəfindən 2035-ci ilə qədər benzinlə işləyən yeni avtomobillərin satışına qadağa qoyulması təklifinin lehinə tarixi səsvermə neft məhsullarından asılılığı azaldacaq.

Uzun sürən müzakirələrdən sonra Kaliforniya ştatının hava ehtiyatları üzrə şurası dünən müvafiq yeni qaydaları təsdiq edib. Kaliforniya benzinlə işləyən avtomobillərdən mərhələli şəkildə birbaşa imtina edildiyini bildirən ilk ştat olub. Qubernator Nyusom ümidvar olduğunu bildirib ki, o biri ştatlar da bundan nümunə götürəcəklər.

Yeni qaydalara görə, avtomobil istehsalçıları ətraf mühitə istixana qazları atan pikap miniven, yolsuzluq və digər minik avtomobillərini sata bilməyəcəklər. Avtomobilçilər 2035-ci ilə qədər alınmış nəqliyyat vasitələrinin istifadəsini davam etdirə biləcəklər. Yeni qaydalar qüvvəyə minəndən sonra da benzinlə işləyən köhnə avtomobillər almağa icazə veriləcək.

ABŞ-da ən böyük avtomobil bazarına malik olan Kaliforniya iqlim böhranının aradan qaldırılması üçün çox iddialı qanunvericiliklə çıxış edib. Növbəti il ərzində azı 5 ştat benzinlə işləyən avtomobillər barədə analoji qadağa tətbiq edə biləcək.

Hazırda ABŞ-da satılan avtomobillərin yalnız 6 faizi elektriklə işləyir. Belə avtomobillər bazarının həcminə görə, Birləşmiş Ştatlar bəzi Avropa ölkələrindən və Çindən geri qalır. Prezident Co Baydenin hələ 2021-ci ildə imzaladığı fərmana görə, 2030-cu ilə qədər ABŞ-da satılan bütün yeni avtomobillərin yarısı tullantıların sıfır səviyyəsinə uyğun olacaq. İnflyasiyanın azaldılması barədə yaxın vaxtlarda qəbul edilmiş qanuna əsasən, avtomobil alışının dəstəklənməsi üçün vergi güzəştləri tətbiq ediləcək. Bir sıra müstəqil araşdırmalar göstərir ki, 2030-cu ilə qədər ABŞ-da daxili karbon qazı tullantıları 40 faiz azalacaq.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər