9 C
Baku
Monday, November 18, 2024

Yunanıstan Türkiyəyə təhdid kimi bəyanat verib

Türkiyənin siyasi tarixində hər zaman enişli-yoxuşlu olan Ankara-Afina münasibətləri bu günlərdə gərgin dövrünü yaşayır. Ankara-Afina xəttində açıqlamalar bir-birinin ardınca gəlir. Şərqi Aralıq dənizi və Egeydə gərginliyin yüksək olduğu bir vaxtda Yunanıstan hökumətinin sözçüsü İoannis Oikonomou dünən açıqlama verib. Yunanıstan hökumətinin sözçüsü mətbuat konfransında sanki Türkiyəni hədələyirmiş kimi danışıb.

Avqustun 28-də Ankara Yunanıstanın S-300-lərinin NATO müttəfiqliyinin ruhuna zidd bir şəkildə radar kilidini açdığını açıqlamışdı. Bu açıqlama Yunan administrasiyası tərəfindən təkzib edilmişdi. Dünən isə Oikonomou sərt açıqlamalar verdi.

Banker.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mətbuat konfransı keçirən Yunanıstan rəsmisi “Ölkəmizin müdafiə qabiliyyəti istənilən təhlükəni aradan qaldıracaq qədər güclüdür. Müttəfiqlərimiz bizim tərəfimizdədir, haqq bizim tərəfimizdədir və biz haqlı olaraq özümüzə aid olan problemləri effektiv şəkildə aradan qaldıra bilərik” deyib.

O, Yunanıstan hökumətinin səylərinin uzunmüddətli olduğunu və fürsətçi davranmadıqlarını deyib və az qala Ankara rəhbərliyini tənqid edərək əlavə edib :“Bir çox ciddi mövzularda, xüsusən də Rusiyanın Ukraynanı işğalı ilə bağlı heç bir ön şərt və siyasi tələb qoymadan tərəfimizi bəlli etdik”. Qeyd edək ki, son zamanlar Türkiyənin Rusiya ilə yaxınlaşması, Qərbin tətbiq etdiyi sanksiyaları həyata keçirməməsi və bunun müqabilində Ukraynaya açıq dəstək verməsi Qərbdə çaşqınlıq yaradıb.

Yunanıstan rəsmisi əlavə edib: “Yunan diplomatiyası ölkənin mövqeyi ilə bağlı bütün dünyadan – Avropa İttifaqı, ABŞ və müttəfiqlərindən dəstək almağı bacarıb”.

Son xəbərlər
Digər xəbərlər