Tələbələrin ölkə daxili və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə və xaricdə yerləşən orta ixtisas təhsili müəssisələrindən köçürülməsi prosesi başa çatıb.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Belə ki, transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 4512 müraciət qeydə alınıb.
Onlardan 528 nəfəri orta ixtisas təhsili müəssisəsindən, 3402 nəfəri ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən, 50 nəfəri magistratura səviyyəsindən, 532 nəfəri isə xaricdə yerləşən ali təhsil müəssisəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib.
Ümumilikdə 2852 nəfərin müraciəti müsbət cavablandırılıb. Köçürülməsinə icazə verilən 2410 nəfərdən 2310 nəfəri bakalavr, 14 nəfəri magistratura səviyyəsi üzrə, 86 nəfəri xarici ali təhsil müəssisələrindən, 442 nəfəri isə orta ixtisas təhsili müəssisələrindən köçürülənlər təşkil edir.
Köçürülmə ilə bağlı müraciət etmiş tələbələr şəxsi kabinetlərinə daxil olaraq nəticələr barədə məlumatı əldə edə bilərlər.
Müsbət nəticə əldə etmiş şəxslərdən sentyabr ayının 7-dən etibarən köçürüldükləri təhsil müəssisəsinə müraciət etmələri xahiş olunur.
Qeyd edək ki, tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Elm və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.