Respublika ərazisində toxum satışı ilə məşğul olan 100 müəssisədə keçirilən monitorinqlər zamanı bibər və pomidor toxumlarından 73 nümunə götürülüb. 17 müəssisədən götürülmüş toxum nümunələrində virus və bakteriya mənşəli bitki xəstəlikləri (pomidor meyvələrinin qonur qırışıqlıq virusu, pomidorun bürünclülük virusu, kartof yumrularının həlqəvi çürüklülük bakteriyası, pomidor yarpaqlarının sarı qıvrılma virusu) aşkar edilib. Onlardan 5 pomidor nümunəsi və 3 bibər nümunəsi xarici şirkətlərin istehsalı olan məhsullardan götürülmüş nümunələr olub.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
Araşdırma zamanı məlum olub ki, qeyd edilən toxumlar ölkə ərazisinə AQTA-nın icazə sənədləri əsasında rəsmi qaydada daxil olmayıb. Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb və həmin məhsulların məhv olunması istiqamətində zəruri işlər həyata keçirilir.
Qeyd edək ki, insan sağlamlığına təsir etməyən, lakin fitosanitar riski yüksək qiymətləndirilən və bitkiçilik məhsullarının əmtəəlik keyfiyyətini aşağı salmasına görə təhlükəli sayılan bu viruslar məhsulun iqtisadi dəyərinə əhəmiyyətli dərəcədə təsir göstərir.