®Azərbaycanın ilk milli baleti – Əfrasiyab Bədəlbəylinin “Qız qalası” əsəri yenidən səhnəyə qayıdır. Baletin bərpası PAŞA Bankın dəstəyi və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Bu məqsədlə 7 sentyabr 2026-cı il tarixində PAŞA Bank və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi PAŞA Bankın İdarə Heyətinin sədri Cavid Quliyev və Teatrın direktoru Yusif Eyvazov imzalayıblar.
Layihə Azərbaycan balet tarixində xüsusi yeri olan “Qız qalası”nın səhnə həyatının bərpasını və əsərin müasir tamaşaçıya yenidən təqdim olunmasını nəzərdə tutur.
PAŞA Bankın İdarə Heyətinin sədri Cavid Quliyev bildirib:
“Bəzi əsərlər zaman keçdikcə bir ölkənin mədəni yaddaşının ayrılmaz hissəsinə çevrilir. “Qız qalası” da məhz belə əsərlərdəndir. Azərbaycanın ilk milli baletinin yenidən səhnəyə qayıtmasına dəstək vermək bizim üçün xüsusi əhəmiyyət daşıyır. İstəyirik ki, illər əvvəl Azərbaycan balet sənətində yeni bir səhifə açmış bu əsəri bu günün tamaşaçısı da səhnədə görə bilsin. Düşünürəm ki, mədəni irsi yaşatmağın ən yaxşı yollarından biri onu yeni nəsillərlə yenidən görüşdürməkdir.”
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov qeyd edib:
“ “Qız qalası” baleti Azərbaycan balet sənətinin təməlini qoyaraq milli musiqi və rəqs ənənələrinin klassik balet sənəti ilə bir araya gətirən əsər kimi Azərbaycan musiqi və səhnə sənəti tarixində xüsusi yer tutur. Onun yenidən səhnəyə qayıtması bizim üçün əlamətdar hadisədir. Məqsədimiz əsərin tarixi və bədii ruhunu qorumaqla onu bugünkü səhnənin imkanları ilə tamaşaçıya təqdim etməkdir. Belə böyük layihələrin həyata keçirilməsi güclü tərəfdaşlıq tələb edir və bu təşəbbüsdə PAŞA Bankın dəstəyini yüksək qiymətləndiririk”.









