Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan-Ermənistan sərhədinə beynəlxalq müşahidəçilərin yerləşdirilməsi təklifinə münasibət bildirib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsinin vacibliyini xatırladıb.
Zaxarova deyib ki, həmin razılaşmalarda nəzəriyyə və praktika, baş verənlərin konstatasiyası və gələcək planlar var: “Bu sənədlər sadəcə vasitəçilər arasında və hər bir ölkə ilə ayrılıqda imzalanmayıb, uzunsürən tarixi münaqişənin tərəfləri arasında imzalanıb. Buna görə də, həmin sənədlər qiymətsizdir və əsl yol xəritəsidir”.
Rusiya XİN rəsmisi həm daxildən, həm də xaricdən əldə olunan razılaşmaları dəyişmək istəyənlərin olduğunu da diqqətə çatdırıb: “Onlar çox şey vəd verirlər. Söz verməyi bacarırlar. Onların bu illər ərzində gördüyü işin nəticəsi olmadı. Əldə olunan üçtərəfli razılaşmalar isə kağız üzərində qalmadı. Onlar mərhələli şəkildə, addım-addım həyata keçirilir. Hər şey istəyən kimi reallaşmır. İstəyirik ki, maksimum olsun. Ona görə də reallığı xəyalla dəyişmək olmaz. Bu yəqin ki, ümumi qaydadır”.