Avronun ucuzlaşmasının Azərbaycan üçün həm müsbət, həm də mənfi nəticələri ola bilər.
Bunu iqtisadçı ekspert Eyyub Kərimli bildirib.
Onun sözlərinə görə, avronun ucuzlaşmasının əsas səbəbləri ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırmağa başlaması, geosiyasi vəziyyət və enerji böhranıdır.
“Avronun ucuzlaşmasının ölkəmizə iki cür təsiri ola bilər. İlk növbədə ölkəmizə idxal olunan məhsulların qiymətinin ucuzlaşmasına təsir göstərə bilər. Bununla yanaşı Avropa ölkələrinə gedən turistlərimiz üçün əlverişli olacaq. Çünki Avrozonaya daxil olan ölkələrdə məhsullar və xidmətlər ucuzlaşacaq. Azərbaycan üçün bu vəziyyət müsbət məqamdır”.
Ekspert qeyd edib ki, avronun məzənnəsinin aşağı düşməsi ölkəmizin iqtisadiyyatı üçün də mənfi təsirləri olacaq.
“Azərbaycandan Avropa ölkələrinə ixrac olunan malların qiymətində və gəlirin əldə edilməsində mənfi təsirləri olacaq. Azərbaycan Avropa ölkələrinə neft və qeyri-neft məhsulları ixrac edirik. Bu da ixracatdan gələn gəlirlərin azalmasıyla müşahidə oluna bilər. Avropa ölkələri ilə ölkəmizin iqtisadi əlaqələrinə nəzər yetirsək mənfi saldonu müşahidə edə bilərik”, – deyə ekspert qeyd edib.