Azərbaycan və Fransa şirkətlərini təmsil edən, müstəqil qeyri-hökumət təşkilatı olan Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (“AFchambe”) Fransa prezidenti Emmanuel Makrona etiraz məktubu ünvanlayıb.
Məktubda deyilir:
Hörmətli cənab Prezident! Oktyabrın 12-də “Fransa 2” kanalında yayımlanan müsahibəniz zamanı verdiyiniz bəyanatlarla bağlı Sizə narahatlığımızı bildiririk. Qarabağ münaqişəsi, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi ilə bağlı reallığı düzgün əks etdirməyən fikirləriniz bizi təəccübləndirib məyus etdi.
Müsahibə zamanı bunu qeyd etməsəniz də, Sizə çox yaxşı məlumdur ki, Fransanın da lehinə səs verdiyi BMT Təhlükəsizlik Şurasının Qətnamələrin (822, 853, 874 və 884 nömrəli qətnamələr) müəyyən etdiyi kimi, keçmiş Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon 30 ildir yaxın müddət ərzində Ermənistanın işğalı altında olub. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını geri çəkməsi və evindən didərgin düşmüş yüz minlərlə azərbaycanlının evinə qayıtmasına imkan verməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının birmənalı çağırışlarına baxmayaraq, Ermənistan beynəlxalq hüquqa məhəl qoymayıb və işğalı davam etdirib. Fransa sözügedən qətnamələrin lehinə səs verib, bu əraziləri Azərbaycanın bir hissəsi kimi tanıyıb. Hətta bu gün də erməni silahlı qüvvələri Qarabağ bölgəsində qalaraq 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən üzərinə götürdüyü öhdəliklərindən yerinə yetirməkdən boyu qaçırır, regionda sülh prosesinə əsas maneə kimi çıxış edir.
Dinc əhali arasında itkilərdən bəhs edərkən isə təəssüf ki, Ermənistanın Azərbaycanın Gəncə və Bərdə şəhərlərində dinc əhaliyə qarşı törətdiyi hücumları qeyd etməkdən yayındınız. Bu hücumlarda 13-ü uşaq olmaqla (o cümlədən 10 aylıq bir körpə) 100-dən çox mülki şəxs olan azərbaycanlı həlak olub.
Cənab Prezident, dediyimiz hər bir sözün öz təsiri, qüvvəsi var və bu mühüm məsələ ilə bağlı verdiyiniz bəyanatlar yalnız Avropada deyil, eləcə də Azərbaycanda yaxından izlənilir. Siz oktyabrın 6-da Praqada keçirilən görüşün iştirakçısı olmusunuz və həm Baş nazir Paşinyan, həm də Prezident Əliyevin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərinin şahidi oldunuz ki, bu sənəd vasitəsilə hər ikisi bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır.
Lakin, Siz və digər fransız siyasətçilər tərəfindən hadisələrin birtərəfli təsviri Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə və uzunmüddətli sülhün bərqərar olmasına ciddi zərər vurur. İki ölkə sülh sazişi imzalamağa bu qədər yaxın ikən bu kimi hərəkətlər proseslərə xüsusilə zərər verir.
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası olaraq, biz bütün səmimiyyətimizlə Fransa hökumətini Avropa Birliyi tərəfindən hər iki ölkənin ərazi bütövlüyünü təsdiqləyən Azərbaycan və Ermənistan arasında aparılan sülh sazişi danışıqlarında fəal və pozitiv mövqe tutmağa çağırır və buna ümid edirik. Bu addım Fransa və Azərbaycan arasındakı ikitərəfli münasibətləri yaxşılaşdıraraq Fransanın regionda rolu ilə bağlı ictimai rəyə müsbət təsir edəcək.
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Azərbaycan və Fransa arasındakı əlaqələrin yaxşılaşdırılmasına töhfə verməyə daim hazırdır. Bu məqsədlə, Sizi fransız bizneslərinin və Azərbaycanda yaşayan fransız icmasının mövqeyini eşitmək üçün Sizin üzvlərimiz ilə onlayn görüşünü təşkil etməkdən məmnunluq duyarıq.
“AFchamber” 50-dən çox Fransa, Avropa və Azərbaycan şirkətinin maraqlarını təmsil edən müstəqil qeyri-hökumət təşkilatıdır. “AFchamber”in əsas məqsədi Azərbaycan və Fransa arasında qarşılıqlı iqtisadi və dostluq əlaqələrini inkişaf etdirməkdir. Missiyası isə iki ölkə arasında əməkdaşlığı, davamlı sosial dialoqu və iqtisadi və investisiya əlaqələrinin sistemli və davamlı şəkildə genişləndirilməsini dəstəkləmək və təşviq etməkdir. Palata heç bir ictimai və ya beynəlxalq təşkilatı təmsil etmir və üzvü deyil.