Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkmənistanda nümayəndəlik açmağı planlaşdırır.
Bunu SOCAR-ın Elm və Texnologiya İdarəsinin rəis müavini Emin Ələkbərov Aşqabadda keçirilən XXVII Beynəlxalq Neft-Qaz Konfransı (OGT-2022) çərçivəsində bildirib.
O, qeyd edib ki, SOCAR neft və qazın kəşfiyyatı, işlənməsi, hasilatı, nəqli və emalı ilə məşğuldur: “Şirkətin bir sıra ölkələrdə birgə müəssisələri, nümayəndəlikləri və zavodları, həmçinin özünün elmi-tədqiqat və layihə institutu var”.
E.Ələkbərov diqqətə çatdırıb ki, hazırda Azərbaycan əsasən Xəzər dənizinin ona aid hissəsində təbii sərvətlərin çıxarılması ilə məşğuldur: “Qazma platformaları Türkmənistan tərəfində olduğu kimi estakadalarla bir-birinə bağlıdır. Həmçinin karbohidrogenlərin dənizdən quruya tranziti üçün boru kəmərləri şəbəkəsi yaradılıb. Biznes yanaşması ilə ölkələr onları birləşdirə bilər ki, bu da böyük maddi resurslar tələb etmir. Gələcəkdə Qazaxıstan və Özbəkistan öz enerji resurslarının xarici bazarlara nəqli üçün kəmərə qoşula bilər”.
SOCAR əməkdaşı OGT-2022-nin dövlətlər arasında siyasi, iqtisadi və mədəni əlaqələrin qurulması baxımından əhəmiyyətini də vurğulayıb. O əlavə edib ki, bu beynəlxalq forumda işgüzar görüşlər fəal keçirilir ki, bu da qarşılıqlı fəaliyyətin texniki məsələlərinin həllini sürətləndirməyə kömək edir.