Nadir tapılan almaza Cenevrədə müştəri tapılıb.
“Christie’s” hərrac evinin 25 milyon dollara satışa çıxardığı “Fortune Pink” adlı çəhrayı almaz 28.8 milyon dollara satılıb. Cəmi 4 dəqiqə çəkən hərracda müştərinin adı açıqlanmasa da, asiyalı olduğu bildirilir.
18.18 karatlıq almaz üçün 4 iddiaçı yarışıb. Cəhrayı almazların kütləsi adətən 0.1 karatı keçmədiyi üçün onların qiyməti xüsusilə bahadır. Çəhrayı almazla yanaşı 2 adi almazın da bərkidildiyi üzük Fransanın məşhur Pino ailəsinə məxsus olub. Bu, dünyada ikinci ən bahalı bəzək əşyasıdır. 2017-ci ildə Honqkonqda hərraca çıxarılmış çəhrayı almaz 71 milyon dollara satılmışdı.
Qeyd edək ki, çəhrayı almaz Asiya ölkələrində uğur simvolu hesab edilir.