10 C
Baku
Sunday, December 22, 2024

BƏƏ ilə ABŞ arasında $100 milyardlıq saziş imzalanıb

BƏƏ-də keçirilən Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransı (ADIPEC 2022) çərçivəsində BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan əl-Cabir və ABŞ-ın beynəlxalq enerji məsələləri üzrə xüsusi koordinatoru Amos Hoçsteyn arasında təmiz (yaşıl) enerji layihələrinə $100 milyardlıq sərmayə qoymaqla bağlı strateji tərəfdaşlıq sazişi imzalanıb.

Banker.az xəbər verir ki, bu barədə BƏƏ-nin rəsmi xəbər agentliyi WAM məlumat yayıb.

Bu layihələrin 2035-ci ilə qədər hər iki ölkədə və dünyada 100 gigavat istehsal gücünə çatması hədəflənir. Həmçinin, tərəfdaşlıq BƏƏ və ABŞ-ın 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq məqsədlərinə uyğun olaraq iqlim sahəsində işi inkişaf etdirmək üçün birgə öhdəliyini təcəssüm etdirir. Bildirilib ki, tərəflər texniki ekspertiza, layihələrin idarə edilməsinə yardım və maliyyələşdirmə yolu ilə inkişaf etməkdə olan ölkələrdə iqtisadi və ekoloji cəhətdən faydalı, davamlı enerji layihələrini dəstəkləməyə çalışacaqlar.

ABŞ-ın beynəlxalq enerji məsələləri üzrə xüsusi koordinatoru Hoçsteyn deyib: “Saziş qlobal enerji sektoruna keçidin dəstəklənməsinə, daha dayanıqlı gələcəyin inşasına və iqlim böhranının təcili həllinə töhfə verəcək”.

Qeyd edək ki, BƏƏ son on ildə dünya üzrə təmiz enerji texnologiyaları və həllərinə $50 milyarddan çox sərmayə qoyub.

 

Son xəbərlər
Digər xəbərlər