“Azərbaycan Sənaye Korporasiyası” ASC və Çinin “Sunstone Development” şirkəti neft koksunun kalsinasiyası və alüminium istehsalı üçün vacib xammallardan biri olan anod bloklarının istehsalının ölkəmizdə təşkili sahəsində əməkdaşlıq edəcək.
Bu barədə korporasiyadan bildirilib.
Məlumata görə, iki şirkətin rəhbər heyəti arasında keçirilmiş görüşdə qeyd olunan layihə üzrə birgə fəaliyyət göstərilməsi, uzunmüddətli əməkdaşlığın qurulması, ölkəmizə investisiyanın cəlb olunması kimi mühüm məsələlər müzakirə edilib.
“Sunstone Development” 2011-ci ildə 1 milyon ton anod istehsal etdiyi halda 2022-ci ildə bu rəqəmi 2.5 milyon tona çatdırıb. 2025-ci ildə isə istehsalın həcminin 4.5 milyon tona çatdırılması planlaşdırılır. Çinin anod ixracının 39 %-i “Sunstone Development”in payına düşür. Bu şirkət anod istehsalının həcminə görə dünyanın ən böyük şirkətlərindən biridir.