6 C
Baku
Sunday, December 15, 2024

EBRD Gəncədə su-kanalizasiya sistemlərinin yenidən qurulmasını maliyyələşdirə bilər

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Gəncə şəhərində su-kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsinə maliyyə dəstəyi göstərə bilər.

Bunu qurumun sədr müavini Etibar Məmmədovla görüşdə EBRD-nin infrastruktur layihələri üzrə baş bankiri Yelena Qordeyeva bildirib.

E.Məmmədov Azərbaycanda içməli və tullantı su sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində EBRD-nin rolunu yüksək qiymətləndirən E.Məmmədov 1995-ci ildə imzalanmış “Böyük Bakının su təchizatı sistemlərinin yenidən qurulması” layihəsini xatırladıb. O, qeyd edib ki, yenicə müstəqillik qazanmış ölkəmizdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə siyasi sabitlik bərqərar olduqdan sonra EBRD və Dünya Bankının ayırdığı güzəştli kreditlər hesabına Kür və Ceyranbatan sutəmizləyici qurğularında yenidənqurma işləri aparılıb, Bakı şəhərində nasos stansiyaları və istehsalat bazalarının təchizatı istiqamətində mühüm işlər görülüb.

Y.Qordeyeva Azərbaycanda infrastruktur layihələrində iştirakdan məmnunluğunu vurğulayıb, sudan səmərəli istifadə, kəndlərin su təchizatının yaxşılaşdırılması, tullantı sularının təmizlənərək təkrar istifadəsi və ümumilikdə, su təhlükəsizliyi ilə bağlı bütün məsələlərdə Azərbaycana dəstək göstərməyə hazır olduqlarını bildirib. O, Gəncədə içməli və tullantı su sistemlərinin yenidən qurulması layihəsi ilə maraqlandıqlarını, layihənin davam etdirilməsinə maliyyə dəstəyi göstərə biləcəklərini diqqətə çatdırıb.

Son xəbərlər
Digər xəbərlər