18 C
Baku
Friday, November 22, 2024

“Mərkəzi Bank sığorta sektorunun inkişafı sahəsində bir sıra islahatlar həyata keçirir”

Azərbaycan Mərkəzi Bankı fiziki və hüquqi şəxslərin sığorta barədə məlumatlandırılmasına yönəlmiş uzunmüddətli layihə həyata keçirir.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib.

“Mərkəzi Bank sığorta sektorunun inkişafı üzrə bir neçə layihələri həyata keçirir. Bu layihələrdən biri də əhalinin və sahibkarlıq subyektlərinin risklər və sığorta xidmətlərinin üstünlükləri barədə məlumatlandırılmasıdır. Burada söhbət ilk növbədə vətəndaşların və sahibkarlıq subyektlərinin üzləşə biləcəyi risklər haqqında agah olmasından , habelə sığorta hadisəsi baş verdikdə maliyyə itkisinə məruz qalmamaları üçün onların sığortalanmasının mümkünlüyündən gedir. Bu istiqamətdə işimiz ölkə əhalisini mümkün qədər məlumatlandırmaqdır. Qeyd edim ki, Mərkəzi Bank, İcbari Sığorta Bürosu və Sığortaçılar Assosiasiyası bütün bu komponentləri əhatə edən birgə layihəyə start verib” – deyə o bildirib.

V.Qurbanov qeyd edib ki, bu maarifləndirmə tədbirlərinə başlamazdan əvvəl layihə çərçivəsində müəyyən qrup fiziki və hüquqi şəxslər arasında müvafiq sorğu keçirib.

“Bu iş bizə sığorta və risk məlumatlılığının ilkin qiymətləndirilməsini aparmağa, həmçinin fiziki şəxslərin və sahibkarlıq subyektlərinin məlumatlandırılmasının hansı istiqamətdə davam etdirməli olduğumuzu müəyyən etməyə imkan verdi. Təbii ki, bu layihə mərhələli şəkildə və uzunmüddətli əsaslarla həyata keçirilir”, – o deyib.

O, həmçinin bildirib ki, Azərbaycanda daşınmaz əmlakın sığortası həm könüllü, həm də icbari əsaslarla həyata keçirilir.

“Fiziki şəxslərin və sahibkarlıq subyektlərinin daşınmaz əmlakının icbari sığortası ilk növbədə onların maliyyə dayanıqlığının təmin edilməsinə yönəlib. Bundan əlavə, daşınmaz əmlakın sığortası həm yaşayış, həm də qeyri-yaşayış sahələrini əhatə edir. Əhalinin sığorta sektoru haqqında məlumatlandırılması istiqamətində aparılan davamlı işlərin nəticəsində ölkədə daşınmaz əmlakın icbari sığortası sahəsində artım müşahidə olunur. Bununla yanaşı Mərkəzi Bank hüquqi bazanın təkmilləşdirilməsi, habelə bu sahədə müxtəlif islahatların aparılması istiqamətində işləri davam etdirir. Həmçinin bu sığorta növü üzrə sığorta müqavilələrinin sığortalılara elektron formada təqdim edilməsini,və proseslərin avtomatlaşdırılmasını təmin etmək üçün İcbari Sığorta Bürosunun elektron informasiya sistemi ilə müvafiq dövlət qurumlarının elektron informasiya sistemlərinin inteqrasiyası üçün lazımı hüquqi baza formalaşdırılmış. Bu təşəbbüslərin həyata keçirilməsindən sonra biz əminik ki, bu sığorta xidmətinə əlçatanlıq artacaq və sığortalanma prosessləri effektiv şəkildə həyata keçiriləcək “, – V.Qurbanov vurğulayıb.

O xatırladıb ki, 2022-ci il noyabrın 1-dən Azərbaycanda nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi baş verdikdə sığorta ödənişlərinin alınması qaydalarına dəyişiklik edilib.

“Bu sığorta növü üzrə xidmət səviyyəsinin artırılması məqsədi ilə biz müvafiq dəyişikliklər etdik və bu dəyişikliklər noyabrın 1-dən qüvvəyə minib. Yeni dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, sığorta hadisəsi zamanı zərərçəkmiş şəxs kompensasiyanın ödənilməsi üçün ona zərər vurmuş tərəfin sığorta şirkətinə deyil, özünün sığorta şirkətinə müraciət edir. Bu dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanır və onu tətbiq etməzdən əvvəl biz bu yeniliyin bazara necə təsir göstərə biləcəyini diqqətlə təhlil etmişik. Bundan əlavə, sığorta şirkətinin seçilməsi meyarlarını müəyyən etmək üçün Mərkəzi Bankın saytında şikayətlər indeksini dərc etmişik. Bu, həmin sığorta növü üzrə konkret sığorta şirkətinin müştərilərə xidmətinin keyfiyyətini müəyyən etməyə imkan verəcək və vətəndaşların sığorta şirkəti seçməsini asanlaşdıracaq, sığorta şirkətlərinin özləri üçün isə müştərilərə xidmətin təkmilləşdirilməsi üçün əlavə stimul yaradacaq”, – deyə o bildirib.

V.Qurbanov, həmçinin bildirib ki, nəqliyyat vasitələri mülki məsuliyyətinin icbari sığortası üzrə Mərkəzi Bank tənzimləmə və idarəetmə üçün yeni yanaşma, qaydalar və mexanizmlər işləyib hazırlayıb.

“nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmətlərin göstərilməsinin keyfiyyətini artırmaq üçün Mərkəzi Bank yeni qaydalar və idarəetmə mexanizmləri hazırlayıb. Bunlar aşağıdakı risklərə əsaslanır: sürücünün yaşı və təcrübəsi, avtomobilin istismar müddəti, nəqliyyat vasitəsini idarə etməyə icazə verilən şəxslərin sayı, avtomobilin əsasən olduğu ərazi. Həmçinin, sığortalının sığorta tarixini nəzərə alaraq nəqliyyat vasitələri mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqının hesablamaqda istifadə olunan bonus-malus endirim sistemini qeyd etmək lazımdır. Əgər sürücü nəqliyyat vasitəsini qəzasız idarə edirsə, ona sonrakı sığorta zamanı bonuslar (endirimlər), sığorta hadisəsi baş verdikdə isə malus tətbiq edilir. Bu sistem hazırda real vaxt rejimində işləyir, yəni sığorta hadisəsi baş verdikdə dərhal günahkar şəxsə malus tətbiq edilir.. Bütün bu işlər üçüncü şəxslərə dəyən ziyanı minimuma endirmək və nəqliyyat vasitələrinin idarəetməsində təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib”, – deyə o bildirib.

Yekunda V.Qurbanov əlavə edib ki, Mərkəzi Bank sığorta sektorunun inkişafı sahəsində bir sıra islahatlar həyata keçirir.

“Rəqəmsallaşma operativliyi, şəffaflığı artırır, həmçinin proseslərin avtomatlaşdırılmasına gətirib çıxarır. Hesab edirik ki, bu təşəbbüslərin həyata keçirilməsi sığorta xidmətlərinin əlçatanlığını artıracaq. Sığorta sektoru sahəsində digər layihəmiz sığortaşirkətlərinin bazar davranışlarının qabaqcıl beynəlxalq standartlara uyğun tənzimlənməsidir. Həmçinin sığorta hadisəsi baş verən zaman sığortalılarla sığorta şirkəti arasında yaranan mübahisələrin minimuma endirilməsi və problemlərin effektiv tənzimlənməsi layihə çərçivəsində həyata keçiriləcək prioritetlərdəndir. Bu istiqamətdə biz müstəqil ekspertlərin fəaliyyətinin gücləndirilməsi və müvafiq islahatların aparılması, o cümlədən qanunvericilik bazasına dəyişikliklərin edilməsini icra edirik. Layihələrimizdən biri də risk əsaslı tənzimləmə və nəzarətə keçid layihəsdir. Bu layihə daxilində sığortaçıların maliyyə dayanıqlığının ölçülməsinin risk əsaslı meyarlara istinad etməsi, onların korporativ idarəetmə standartlarının beynəlxalq standartlara uyğunlaşdırılması və ictimaiyyətə açıqlanan məlumatların çərçivəsinin beynəlxalq təcrübəyə uyğun təmin olanması əhatələndirilməkdədir.

Biz sığorta şirkətlərinin kadr potensialının gücləndirilməsinə də xüsusi diqqət ayırırıq. Bu istiqamətdə sığorta sahəsində qabaqcıl beynəlxalq tədris qurumları ilə əməkdaşlığımız davam etməkdədir. “, – o vurğulayıb.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər