7 C
Baku
Thursday, December 12, 2024

Sığorta dələduzluğu və onunla mübarizə (bloq)

Sığorta dələduzluğu qeyri-qanuni sığorta müqavilələrinin tərtib edilməsini və ya mövcud sığorta müqaviləsi üzrə saxta iddiaların qaldırılmasını nəzərdə tutur. Bu, əmlak sığortasından tutmuş məsuliyyət sığortasına qədər sığortanın bütün spektrində baş verir. Sığorta dələduzluğu saxta iddialardan yararlanma fürsəti əldə etməkdən  mütəşəkkil cinayətkarlığadək gedib çıxa bilər. Sığorta dələduzluğunun geniş yayılmış müxtəlif formaları mövcuddur və sığortaçılar onun qarşısının alınmasına əhəmiyyətli məbləğdə sərmayə ayırırlar.

1. Sığortada dələduzluğun mümkün formaları

Sığorta xidmətində müxtəlif növlərin tətbiq edilməsi sığorta dələduzluğunun da fərqli formalarının yaranmasını şərtləndirir. Bütün dünya sığortasında çox geniş yayılmış sığorta dələduzluğunun bəzi təzahürlərini aşağıdakı kimi sıralamaq olar:

1.1.Yalançı sığorta vasitəçiləri

Onlar sanki qanuni sığorta agenti və ya sığorta brokeri rolunda çıxış edir və müştərini aldatmaq üçün son dərəcə böyük ustalıqla saxta sığorta müqaviləsi  hazırlayalar. Bu vasitəçilər daha sonra həmin müqavilələri öz gələcək “qurbanlarına” satırlar. Bu cür müqavilələr müxtəlif sığorta növlərini əhatə edə bilər. Müştərilər isə fırıldaqçılar tərəfindən aldandıqlarını yalnız sığorta hadisəsi zamanı sığortaçıya müraciət etdikdə bilirlər. Təəssüf ki, cəmiyyətdə bütün fəaliyyət sahələrində belə “ağıllı və yaradıcı” neqativ insan kapitallarına rast gəlmək olur. 90-cı illərdə sığorta dələduzlarının sayı artmışdı və hüquq-mühafizə orqanları onlarla kəskin mübarizə aparırdılar. Sığorta məhsullarının internet satışının və elektron sığorta müqaviləsinin tətbiqindən sonra bəzi sığorta məhsullarına münasibətdə belə fırıldaqçılıq halları kifayət qədər azalmışdı.

1.2. Əmlak sığortası fırıldaqçılığı – Yandırma fırıldaqçılığı 

Daşınmaz əmlak, ev və ya biznes sahibinin sığortaçıya qarşı iddia qaldırmaq üçün öz əmlakını və ya obyektini qəsdən yandırmasıdır. Lakin müasir texnologiyanın imkanları sayəsində müstəntiq və ekspertlər əksər hallarda yanğının səbəbini, onun qəsdən törədilib-törədilmədiyini və hətta yanğın zamanı müəyyən əşyaların binada olub-olmadığını müəyyən edə bilirlər. Özəl sığortaçılığın ilk dönəmində üzdəniraq yanğın mühafizəçiləri də bu işdə dələduzlara yardımçı olurdular. Onlar müəyyən “qonorar” müqabilində hadisənin səbəblərini və tarixini müvafiq sığorta müqaviləsinin şərtlərinə “uyğunlaşdırırdılar”. Bu ikilik üçüncü tərəfi, sığortaçının aidiyyatı nümayəndəsini də “əməliyyata” cəlb edə bildikdə, “mükəmməl üçlük” yaranırdı. Nəticədə böyük saxtalaşdırmalardan sonra sığortaçının ödədiyi məbləği öz aralarında bölüşdürürdülər. Hazırda buna bənzər saxta iddialarla dələduzluq halları minimuma endirilmişdi.

1.3. Oğurluq dələduzluğu 

Əmlak, ev və ya biznes sahibinin heç vaxt baş verməmiş oğurluqla bağlı iddiası və ya sahib olmadıqları əşyalara münasibətdə iddia qaldırmaq üçün potensial qanuni oğurluq hadisəsindən istifadə etməsini nəzərdə tutur. Bu cür hallarda dələduzların sığortaçının aidiyyatı əməkdaşlarını da şirnikləndirməklə onları “prosesə” cəlb etməsi halları da mövcuddur.

1.4. Suyun uzunmüddətli təsiri ilə yaranan zərər 

Bu, müəyyən qədər yanğın fırıldaqçılığına bənzəsə də, müqayisədə daha az təsadüf ediliən dələduzluq növüdür. Azərbaycanda buna nadir hallarda rast gəlsək də, dünya praktikasında bu, dələduzların “yararlandığı” üsullardan hesab edilir. Öz gələcək məqsədlərinə çatmaq üçün dələduzlar otaqlarda istiliyi artırır, ventiliyasıyanı məhdudlaşdırır, hətta qəsdən küncə-bucağa su tökürlər. Nəticədə müəyyən vaxtdan sonra böyük məbləğlə ölçülə bilən zərər yaranır. Bu qəbildən olan dələduzluq hallarını məhkəmələrdə də sübut etmək bəzən çətin olur.

1.5. Məsuliyyət sığortasında dələduzluq 

Hazırda işəgötürənlərin bəlli risklərdən məsuliyyət sığortası çox aktualdır. Bir sıra ölkələrdə bu sığorta növü icbari qaydada həyata keçirilir.  İşçilər istehsalatda zədələnmə, xəstəlik və hətta ölüm hallarından sığortalanırlar. İşəgötürənlər saxta iddiaları əsasında sağlamlıqla bağlı zərərin şişirdilməsi, evdə deyil, işdə baş vermiş hadisə kimi rəsmiləşdirilməsi və s. yollarla kompensasiya əldə etməyə cəhd edə bilirlər. Bu cür hallarda dələduzluq hallarının müəyyənləşdirilməsi sığortaçının yüksək peşəkarlığından asılı olacaqdır.

1.6. Avtomobil sığortasında dələduzluq

Dələduzluq edən şəxs dostunun razılığı ilə onun avtomobilini oğurlaya və metalloma təhvil verə bilər. Bundan sonra avtomobilin oğurlanması iddiası ilə sığortaçı qarşısında iddia qaldıra bilər.  Bu cür xoşagəlməz halların qarşısını almaq üçün sığortaçılar müqavilənin istisna bölməsini mükəmməl işləməlidirlər.

1.7. Həyat və ya şəxsi sığorta növlərində dələduzluq

Dünya təcrübəsində təsadüf olunan acı dələduzluq hallarının müəyyən hissəsi də şəxsi və ya həyat sığortasının payına düşür. Ölkəmizdə bu sahədə statistik göstəricilər son dövrlərə qədər kifayət qədər böyük idi. Zədələnmələr zamanı, əlillik dərəcəsinin saxta yolla artırılması, xroniki xəstəliklə ağır ödəniş tələb edən müalicə və ya əməliyyatlara gedilməsi bu cür hallardan sayılır. İnkişaf etmiş ölkələrdə sığorta məbləğləri çox yüksək olduğundan sığortaçılar bəzən ağır itkilərlə üzləşməli olurlar.

2. Dələduzluq zamanı sığortaçının hüquqları 

Sığorta dələduzluğu həm sığorta şirkətinə, həm də sığortalıya qarşı edilə bilər.

Dələduzluq hərəkətlərinin törədilməsi faktı müəyyən edildikdə, sığortaçı aşağıdakı hüquqlara malikdir:

  • sığorta ödəmişini ödəməkdən imtina etmək;
  •  artıq ödənilmiş zərərin qaytarılmasını məhkəmə yolu ilə tələb etmək;
  • təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsi üçün ona qarşı törədilmiş qanunsuz hərəkətlər barədə ərizə ilə hüquq-mühafizə orqanlarına müraciət etmək.

3. Özünüzü fırıldaqçılardan necə qorumalısınız?

  • Müqavilə bağlayarkən, qəza yerində və itkilərin ödənilməsi zamanı heç vaxt boş blanklara və ya arayışlara imza atmayın. Bütün sətirlərin doldurulduğuna və boşluğun olmadığına əmin olun;
  • Aidiyyatı şəxslər, o cümlədən  hüquq-mühafizə orqanlarının əməkdaşları istisna olmaqla, heç kimə sığortaçının əlaqə nömrələrini və öz nömrələrinizi verməyin. Onlar fırıldaqçılar tərəfindən istifadə edilə bilər;
  • Sığorta hadisəsi zamanı yol polisi və ya FHN-nin nümayəndəsi gələnə qədər araşdırmaları davam etdirin, lakin son qərarı verməyin;
  •  Əgər kimsə sizə mövcud şəraitdən (sığorta hadisəsindən) yararlanaraq “pul qazanmağı” təklif etsə, qəti surətdə razılaşmayın. Sonrakı mərhələdə proseslər sizə qarşı çıxa bilər;
  • Müqavilələri yeniləmək üçün zəng edilərkən sığortaçının aidiyyatı işçisi bütün lazımi məlumatlara malik olmalıdır. Müəyyən şübhələr yarandıqda isə, baş ofisdə görüşməkdə təkid edilməlidir;
  • Pərakəndə satış zamanı və müqaviləni yeniləyərkən xüsusilə diqqətli olun. Məlumatları yoxlayın və dəqiqləşdirin;
  • Lazım gələrsə, məlumatı dəqiqləşdirmək üçün müştərinin nümayəndəliyi ilə əlaqə saxlayın.

Hörmətli sığorta əməkdaşları!

Bildiyiniz kimi, sığorta xidməti digər sahələrlə müqayisədə daha çox inam, etibar və xoş niyyətə söykənir. İstənilən sığortaçı üçün öz nüfuzunun və işgüzar reputasiyasının qorunub saxlanması 1 nömrəli məqsəddir. Siz də təmsil etdiyiniz sığortaçının yaxşı adının və imicinin qorunması, mütərəqqi ənənələrinin dəstəklənməsi üçün yorulmadan çalışmalısınız. Siz öz işinizlə korrupsiya, dələduzluq və digər qanun pozuntularının, özünüzə, şirkətinizə və tərəfdaşlarınıza qarşı bu cür neqativ hərəkətlərin qarşısını hər cür vasitələrlə almağa çalışmalısınız.

Unutmayın, qəza ekspertinin və ya mütəxəssisin sığortalı üçün ən həssas məqamlarda (sığorta hadisəsindən dərhal sonra) özünü qeyri-adekvat aparması müvafiq sığortaçıya böyük mənəvi zərbə vurur və onun əks-təbliğatına çevrilir.

Siz müştərilərə xidmət edərkən, öz hərəkətlərinizlə, gətirdiyiniz arqumentlərlə və söylədiyiniz fikirlərlə bir tək özünüzü deyil, həm də şirkətinizin  mövqeyini ifadə etmiş olursunuz. Təmsil etdiyimiz təşkilatın adını və nüfuzunu qorumaq isə böyük şərəf işi olmaqla, həm də vəzifə borcunuzdur.

Diqqət: Sığorta müqavilələrinin qəsdən saxtalaşdırılması və saxta iddiaların qaldırılması, habelə sığorta hadisəsi nəticəsində dəymiş ziyanın qəsdən şişirdilməsi sığorta dələduzluğu hesab edilir və buna görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yaranır!

Müəllif:
Şükür HÜSEYNOV

 

 

Son xəbərlər
Digər xəbərlər