14 C
Baku
Saturday, November 23, 2024

“Azərbaycanda İslam bankçılığı məhdud formada tətbiq olunur”

Hazırda Azərbaycanda, təxminən, 8 maliyyə qurumu məhdud formada İslam bankçılığını tətbiq edir.

Bunu İslam bankçılığı üzrə ekspert Ruslan Atakişiyev “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyi, AMB, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə, “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda bildirib.

“Azərbaycan hökuməti İslam bankçılığının ölkədə tətbiqi üçün bir sıra işlər görüb. İqtisadiyyat Nazirliyi, onun Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İslam İnkişaf Bankının maliyyə dəstəyi ilə bu istiqamətdə təkliflər hazırlayıb. Azərbaycanda İslam bankçılığının geniş tətbiqi üçün qanunvericiliyə düzəlişlərin edilməsinə ehtiyac var. Bu növ bankçılığın tam tətbiqi 800 milyon manatdan 1 milyard manata qədər kapitallaşma, körfəz ölkələrdən, o cümlədən ərəb ölkələrindən investisiyaların cəlb olunması deməkdir. Hazırda 102 ölkədə İslam bankçılığı tətbiq olunur və onun dünya üzrə dövriyyəsi 3 trilyon ABŞ dollarından çoxdur.

İslam bankçılığının tətbiq olunduğu ölkələrdə onlayn köçürmələr, hesablaşmalar filtrlərdən istifadə olunmaqla həyata keçirilir. Azərbaycanda bu gün iri şirkətlər var ki, onlar İslam bankçılığının tətbiq olunduğu ölkələrdən kredit cəlb edib iş görürlər. Azərbaycanda bu növ bankçılıq geniş yayılsa, şirkətlərimiz yerli bankların həmin xidmətlərindən istifadə edəcəklər”, – o deyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər