Fiziki şəxslərin və qurumların beynəlxalq siyahılara (Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin, habelə kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə yaradılmış sanksiya komitələri tərəfindən sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların daxil edildiyi siyahılar) daxil edilməsi qaydası müəyyənləşir.
Bu, “Hədəfli maliyyə sanksiyaları haqqında” yeni hazırlanan qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrində qeyd edilmiş əsaslar müəyyən olunduqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxsin və ya qurumun beynəlxalq siyahılara daxil edilməsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciet edir. Müraciətə aşağıdakı məlumat və sənədlər əlavə edilir:
– fiziki şəxsin və ya qurumun beynəlxalq siyahılara daxil edilməsini əsaslandıran məlumat və sənədlər;
– fiziki şəxsin və ya qurumun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində qeyd edilən meyarlara cavab verdiyinə əsaslı şübhə yaradan hallara dair məlumatlar və dəlillər (ibtidai istintaq, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunmuş məlumatlar və mənbəyi məlum olan digər məlumatlar);
– fiziki şəxsin və ya qurumun beynəlxalq siyahılara daxil edilməsini əsaslandıran, sanksiya komitələrinin xülasəsində açıqlanacaq zəruri məlumatlar;
– təşəbbüs göstərən dövlət barədə məlumatların açıqlanmasına dair razılığın verilib-verilməməsinə dair qeyd;
fiziki şəxsin və ya qurumun dəqiq müəyyənləşdirilməsi üçün aşağıdakı eyniləşdirmə məlumatları:
– fiziki şəxslər üçün soyadı, adı, atasının adı, doğum tarixi, doğum yeri, milliyyəti, vətəndaşlığı, cinsi, məşğuliyyəti (peşəsi), yaşayış yeri və olduğu yer, Əvvəlki yaşayış ünvanları, ümumvətəndaş pasportu ve şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, verilmə tarixi, qüvvədə olma müddəti, olduğu halda ləqəbləri, telefon nömrələri, elektron poçt ünvanları və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
– hüquqi şəxslər üçün – adı, hüquqi ünvanı, törəmə şəxsləri, filialları, nümayəndəlikləri, fəaliyyət sahəsi, sahibkarlıq fəaliyyəti növü, rəhbərliyi, təsisçisi (təsisçiləri), vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, elektron ünvanları, telefon nömrələri, əvvəlki adları və ya eyniləşdirmə məlumatları;
– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)
fiziki şəxsin və ya qurumun beynəlxalq siyahılara daxil edilməsi üçün zəruri hesab etdiyi yetərli həcmdə digər məlumatlar.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunda nəzərdə tutulmuş müraciət əsasında sanksiya komitələrinin müəyyən etdiyi prosedurlara uyğun olaraq fiziki şəxsin və qurumun beynəlxalq siyahılara daxil edilməsi barədə sanksiya komitələrinə təqdimat verir.
Nəzərdə tutulmuş təqdimat əsasında sanksiya komitələri fiziki şəxsin və ya qurumun beynəlxalq siyahılara daxil edilməsi barədə qərar qəbul etdikdə, həmin fiziki şəxs və ya qurum barədə müvafiq məlumat bu Qanunla müəyyən edilmiş qaydada hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında yerləşdirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) beynəlxalq siyahılara yeni daxil edilmiş fiziki şəxslər və qurumlar, onların beynəlxalq siyahılara daxil edilməsinin əsasları və bununla əlaqədar tətbiq olunacaq tədbirlər, habelə həmin siyahılardan çıxarılma prosedurları barədə hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında təxirəsalınmadan məlumat yerləşdirməlidir.
Bu Qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək.