NATO-nun Baş katibi Yens Stoltenberq hesab edir ki, Ukraynadakı müharibə Rusiya ilə Şimali Atlantika Alyansı arasında müharibəyə səbəb ola bilər.
O, bu fikirləri Alyans rəhbəri Norveçin NRK telekanalında “Lindmo” tok-şousunda bildirib.
“Qorxuram ki, Ukraynadakı müharibə nəzarətdən çıxıb NATO ilə Rusiya arasında böyük müharibəyə çevriləcək. Amma əminəm ki, biz bundan qaçacağıq”, – Baş katib bildirib.
Stoltenberq aparıcının çiyinlərində olan məsuliyyətlə bağlı sualına belə cavab verib: “Hiss edirəm ki, hər şey çox ciddidir. Bu, Avropa və Norveç üçün taleyüklü vaxtdır. Əgər bir şey səhv olarsa, hər şey dəhşətli şəkildə nəticələnə bilər”.
O, Kiyevə yardım məsələsinə toxunaraq, sülhü yalnız güclü Ukraynanın təmin edə biləcəyini vurğulayıb. “Müəyyən vaxtda söhbətlər yararsız olur. Burada yardımçı olan şey Ukraynaya hərbi yardımdır. Yalnız güclü Ukrayna sülhə aparır”.