Əmək Məcəlləsinə “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində işləyən mütəxəssis” anlayışı əlavə edilib. Həmin ərazilərdə işləyən mütəxəssis – peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxsdir. Həmçinin, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək müqaviləsi (kontraktı) bağladıqları işəgötürən (o cümlədən hüquqi şəxs olduqda onun Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq vergi uçotuna alınmış filialı, nümayəndəliyi) işğaldan azad edilmiş ərazilərdə vergi uçotunda olduqda, əmək müqaviləsi (kontraktı) üzrə iş yeri və həmin ərazilərdə məskunlaşdıqda Vergi Məcəlləsində və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər. Qeyd olunan şərtlərin hamısının birgə mövcudluğu mütləqdir.
Bu barədə Dövlət Vergi Xidmətinin idarə rəisi Nigar Vahabzadə ATV kanalı ilə DVX-nin birgə layihəsi olan “İqtisadi zona” proqramında danışıb.
Bunlarla yanaşı, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 5 təqvim günü müddətində əlavə məzuniyyət verilməsi nəzərdə tutulur.