ABŞ-də iqtisadi göstəricilərin açıqlanması və Federal Ehtiyat Sisteminin uçot faiz dərəcəsinə dair əyləci yavaş-yavaş sıxacağı gözləntisi ilə “greenback” ləqəbli valyutanın dəyəri son bir ayda azalmağa doğru trend aldı.
Banker.az foreks bazarlarındakı göstəricilərə istinadla bir çox valyutaları araşdırdı.
Öncə ondan başlayaq ki, altı əsas rəqib valyuta səbəti qarşısında formalaşan ABŞ dollarının indeksi DXY son bir ayda son onilliklərin ən yüksək zirvəsi olan 115 bənddən aşağı düşməklə 102-103 bənd aralığına baş vurdu. Bu son həftədə 0.9%, aylıq isə 2.5% dəyər itkisidir.
Ötən həftə ABŞ-də inflyasiyanın 7.1 %-dən 6.5%-ə enməsi FED-in növbəti iclaslarda faiz artımlarını daha aşağı templə davam edəcəyi ehtimalını artırdı. Bu əsas drayverdir. Ötən ay aylıq inflyasiya isə gözlənilmədən, sıfır səviyyəsində proqnoz edildiyi kimi, deyil, əksinə deflyasiya baş verdi. Bu da o deməkdir ki, indiki faiz parametrləri FED-in hədəfi olan 2%-lik inflyasiyaya doğru düşməkdədir. Digər tərəfdən isə ABŞ-ın federal banklarının rəhbərləri iclas öncəsi isə “göyərçin” (əksi: şahin) tonda çıxışları da dolların bir qədər zəifləməsi üçün zəmin yaradır.
Əsas bahalaşan valyuta Şərqi Asiya ölkələrinin valyutalarıdır.
Son bir ayda ABŞ dollarına qarşı ən çox bahalaşan yapon yenidir. USD/JPY son bir ayda 6%-ə yaxın dəyər itirdi. Yen 128 səviyyəsinə qədər bahalaşıb. Yenin digərlərindən daha çox bahalaşmasına səbəb Yapon Bankının sərtləşmə siqnallarıdır. Bir də o da xatırladılmalıdır ki, BOJ ən yumşaq pul siyasətinə sadiq qalan mərkəzi bankdır. Yapon valyutası da məhz ona görə ən çox dəyər itirən valyuta idi. İndi artıq ton dəyişir. Ucuzlaşan dollara qarşı bu güclü təsir göstərir.
Koreya vonu dollar qarşısında son ayda 5.5% bahalaşdı. USD/KRW 1 237.94 səviyyəsinə düşdü.
Əsas iqtisadiyyatlardan ikinci ən çox bahalaşan riskə həssas Avstraliya dollarıdır. AUD/USD məzənnə cütlüyü 0.6974 səviyyəyə çatmaqla həftə ərzində 1.26%, aylıq isə 4.34% bahalaşdı. Bu valyuta Asiya ölkələri ilə çox bağlıdır və məzənnəsinə ən böyük təsir Çin və Yaponiyadan gələn xəbərlərlə bağlı idi.
Dünyanın ən populyar məzənnə cütlüyü avro/dollar son bir ayda 2.3%-dən çox artaraq 1.08 səviyyəsindən yuxarıda ticarət olundu. Avrozonada enerji, əsasən də qaz qiymətlərinin bir qədər soyuması resessiya qorxularını bir qədər səngidir.
Trend indi ABŞ dollarının ucuzlaşmasına istiqamətlənsə də, Rus rublu, Argentina pesosu və Türk lirəsi uzulaşmaqdadırlar. Xüsusi ilə Rusiyada neft qiymətinə tətbiq edilən yuxarı hədd onun idxalında əhəmiyyətli təsir edir və bu sanksiya ölkənin gəlirləri ilə bağlı böyük qeyri-müəyyənliklər müəyyən edir. Ötən gün açıqlamalrda məlum oldu ki, Rusiya nefti 40-50 dollar/barrel civarında xaricə ixrac edir.
Adı | Kod | Məzənnə | Dəyişmə | ||
Günlük | Həftəlik | Aylıq | |||
Yapon yeni | USD/JPY | 128.60 | 0.07% | -2.74% | -5.90% |
Koreya vonu | USD/KRW | 1237.94 | -0.32% | -0.22% | -5.45% |
Meksika pesosu | USD/MXN | 18.7754 | 0.02% | -1.43% | -5.03% |
Avstraliya dolları | AUD/USD | 0.6974 | 0.28% | 1.26% | 4.34% |
Macarıstan forinti | USD/HUF | 368.52 | 0.10% | -0.63% | -3.77% |
Cənubi Afrika randı | USD/ZAR | 17.0390 | 0.15% | 0.11% | -3.35% |
Çex korunası | USD/CZK | 22.1655 | 0.02% | -0.63% | -3.09% |
Çin yuanı | USD/CNY | 6.7630 | 0.43% | -0.22% | -2.99% |
İndoneziya rupisi | USD/IDR | 15146 | 0.70% | -2.73% | -2.89% |
Sinqapur dolları | USD/SGD | 1.3213 | 0.03% | -0.74% | -2.75% |
ABŞ dollarının indeksi | USDX | 102.062 | 0.12% | -0.88% | -2.47% |
Avro | EUR/USD | 1.0831 | 0.13% | 0.89% | 2.34% |
Danimarka kronu | USD/DKK | 6.8678 | -0.08% | -0.87% | -2.24% |
Kanada dolları | USD/CAD | 1.3400 | -0.05% | -0.17% | -2.19% |
Malayziya rinqqiti | USD/MYR | 4.3275 | 0.34% | -0.98% | -2.14% |
Polşa zlotisi | USD/PLN | 4.3293 | -0.12% | -0.92% | -2.04% |
Tayvan dolları | USD/TWD | 30.326 | -0.12% | -0.39% | -1.48% |
İsrail şekeli | USD/ILS | 3.4091 | 0.05% | -1.51% | -1.41% |
Hindistan rupisi | USD/INR | 81.798 | 0.21% | 0.24% | -1.10% |
İsveçrə frankı | USD/CHF | 0.9252 | -0.13% | 0.33% | -0.88% |
İngilis funtu | GBP/USD | 1.2201 | 0.08% | 0.38% | 0.50% |
Qazax təngəsi | USD/KZT | 464.30 | 0.22% | 0.43% | -0.49% |
Yeni Zelandiya dolları | NZD/USD | 0.6404 | 0.37% | 0.49% | 0.45% |
İsveç kronu | USD/SEK | 10.4211 | 0.17% | 0.11% | 0.11% |
Norveç kronu | USD/NOK | 9.8991 | -0.19% | -0.82% | 0.21% |
Gürcü larisi | USD/GEL | 2.6575 | 0.48% | 0.28% | 0.28% |
Honkonq dolları | USD/HKD | 7.8165 | 0.07% | 0.11% | 0.42% |
Türk lirəsi | USD/TRY | 18.7942 | 0.03% | 0.13% | 0.88% |
Argentina pesosu | USD/ARS | 182.175 | 0.51% | 1.00% | 5.49% |
Rus rublu | USD/RUB | 68.5369 | -0.36% | -1.81% | 6.01% |