9 C
Baku
Wednesday, December 25, 2024

Azərbaycan qazını Serbiyaya nəql edəcək boru kəmərinin tikintisinin yekunlaşacağı tarix açıqlanıb

Bolqarıstan Azərbaycan təbii qazını Serbiyaya nəql edəcək boru kəmərinin tikintisini oktyabr ayında yekunlaşdıracaq.

Bunu “Bulqartransqaz” şirkətinin icraçı direktoru Vladimir Malinov bildirib.

Onun sözlərinə görə, tikintisinə dünən başlanılan boru kəməri bu ilin sonuna tam istifadəyə veriləcək: “Bolqarıstan öz ehtiyacları üçün Mərkəzi Avropadakı Baumqarten qovşağından axınları tərsinə çevirməklə (revers) əlavə təchizat əldə edə bilər”.

Qeyd edək ki, Serbiya “Qazprom” yanacağından demək olar ki, tam asılılığını ən azı 40 % Azərbaycandan və digər mənbələrdən qazla əvəz etməyi hədəfləyir. Hazırda “Türk axını” qaz kəmərinin Balkan qolu vasitəsilə Rusiya qazını idxal edən milli qaz şirkəti “Serbiyaqaz” bir il əvvəl yeni xəttin öz hissəsinin tikintisinə başlayıb.

Xatırladaq ki, çərşənbə günü Serbiya və Bolqarıstan prezidentləri Aleksandr Vuçiç və Rumen Radev Sofiya yaxınlığında, borunun 62 kilometrlik hissəsinin ilin sonuna qədər Serbiya tərəfindəki 108 kilometrlik boruya birləşdiriləcəyi ərazidə tikintinin başlanması mərasimində iştirak ediblər. Ümumi dəyəri 170 milyon avro (185 milyon ABdolları) olan layihənin bir hissəsi kimi qismən Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.

İllik 1.8 milyard kubmetr qaz ötürücülük qabiliyyətinə malik kəmərin tikintisinin tamamlanması Yunanıstana qaz kəməri inşa etmiş Bolqarıstan və qonşu Şimali Makedoniyaya yeni marşrutlar açacaq. Gələcək variantlara Azərbaycan qazının Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri vasitəsilə idxalı daxildir.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Trans-Adriatik Boru Kəməri istismara verildiyi gündən – 2020-ci il dekabrın 31-dən bu yana boru kəməri vasitəsilə 18.5 milyard kubmetr qaz nəql edilib ki, bunun da təxminən 16 milyard kubmetri İtaliyaya olub. 2022-ci ildə İtaliyaya 3 milyard kubmetr çox qaz nəql olunub. Beləliklə, Azərbaycan İtaliyanın təbii qaza olan tələbatının 14 %-dən çoxunu ödəyir.

TAP-ın səhmdarları rolunda BP (20 %), SOCAR (20 %), “Snam S.p.A.” (20 %), “Fluxys” (19 %), “Enagas” (16 %) və “Axpo” (5 %) şirkətləri çıxış edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər