İqtisadiyyat naziri Mikayıl Cabbarov 8 fevral, 2023-cü il tarixində Naxçıvan Muxtar Respublikasının, eləcə də Azərbaycanın qabaqcıl şirkətlərindən olan “Cahan Holdinq KŞİ”ə məxsus “Cahan Sənaye Kompleksi”ni ziyarət edib.
Qonaqları Cahan Holdinqin təsisçisi Vüqar Abbasov və Şirkətlər İttifaqına daxil müəssisələrin rəhbər heyəti qarşılayıb.
Ziyarət zamanı Nazir və dövlət qurumlarının təmsilçiləri ilk olaraq Sənaye Kompleksində yerləşən polimer boru və radiator istehsalı sahələri ilə tanış olublar. Onlar burada müəssisədəki müasir avadanlıqlar, istehsal prosesi və istehsal olunan məhsul nümunələri ilə tanış olublar.
Daha sonra dövlət qurumlarının nümayəndələri Qafqazın ən böyük enerji və sərinləşdirici içkilərin istehsalı zavodunda olublar. Burada onlar ən yeni texnologiyalar əsasında qurulan və minimum insan müdaxiləsi tələb edən içki istehsalatını əyani olaraq müşahidə ediblər.
Ziyarət zamanı qonaqlara Cahan Holdinq Kommersiya Şirkətlərinin fəaliyyəti, holdinqin Naxçıvan Muxtar Respublikası və eləcə də, Azərbaycan iqtisadiyyatında mövqeyi, ölkə iqtisadiyyatına töhfələri barədə ətraflı məlumat verilib.
Nazir və dövlət nümayəndələri “Cahan Sənaye Kompleksi”ndən xoş təəssüratla ayrılıblar.