2022-ci il 31 dekabr tarixinə operativ məlumatlara əsasən xarici dövlət borcu 6693,2 mln. ABŞ dolları (11378,4 mln. manat) ekvivalentində və ya ÜDM-in 8,5%-ni təşkil edib.
Bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.
2022-ci il 1 yanvar tarixinə olan göstəricisi ilə müqayisədə xarici dövlət borcunun məbləğinin mütləq ifadədə 700,2 mln. ABŞ dolları (1190,3 mln. manat) və ya 9,5%, onun ÜDM-ə nisbətinin isə 5,0 faiz bəndi azalmasına nail olunub.
Bundan başqa, Azərbaycan Respublikası ilə beynəlxalq maliyyə təşkilatları arasında imzalanmış kredit sazişləri çərçivəsində 2022-ci il ərzində 157,7 mln. ABŞ dolları (268,1 mln. manat) məbləğində kredit vəsaitindən istifadə edilib.