İran Milli Bankının Bakı filialı 2023-cü ilin 1-ci rübünü 621 min manat mənfəətlə başa vurub. Halbuki, filial ötən ilin eyni dövründə 269 min manat mənfəət edib ki, bu da illik müqayisədə 2.3 dəfə artım deməkdir.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
İran bankının faiz gəlirləri 798 min manat (illik müqayisədə 13% az), faiz xərcləri 19 min manat (76% az) təşkil edib. Bakı filialı mənfəət vergisi ödəməyib.
Bu il aprelin 1-nə İran bankının aktivləri 102 milyon 353 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 6% çoxdur. Bunun 8 milyon 448 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 3 ayda Bakı filialının kredit portfeli 11% kiçilib.
Hesabat dövründə İran bankının öhdəlikləri 9% artaraq 64 milyon 446 min manata, kapitalı isə 2% artaraq 37 milyon 907 min manata çatıb.
Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Filialın nizamnamə kapitalı 73,611 milyon manatdır.