Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi bu il aprelin 1-nə 844 mln. avroya kimi (ödənilməmiş öhdəliklər daxil olmaqla) azalıb. Bu rəqəm bank tərəfindən təqdim edilən əvvəlki göstərici ilə müqayisədə 2.4% və ya 21 mln. avro azdır. İcra edilən aktiv layihələrin sayı isə 35 olub.
Bu barədə AYİB-dən bildirilib.
Qeyd olunub ki, portfelin 87%-ni (730 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 10%-ni (85 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni (29 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 2.5% azalaraq 729 mln.avro təşkil edib.
Beləliklə, AYİB bu günədək Azərbaycana 188 layihə çərçivəsində 3.530 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 86 %-i (3.036 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 13%-i özəl sektorun payına düşüb.