Mayın 4-də Qubadlı rayonunun Xanlıq kəndi, Zilanlı kəndi, Mahruzlu kəndlərinin, Zəngilanın Cahangirbəyli kəndinin təməli qoyulub.
Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.
Bildirildi ki, Xanlıq kəndi Qubadlı rayonunun mərkəzindən 16 kilometr məsafədə, Həkəri çayının sahilində yerləşir. Yaşayış məntəqəsinin layihələndirilən ərazisi elə Xanlıq kəndinin köhnə ərazisini əhatə edir və ümumi sahəsi 273 hektardan çoxdur. Birinci mərhələdə kəndə 1357 nəfərin köçürülməsi üçün 356 fərdi evin tikintisi nəzərdə tutulur. İnşa ediləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. Perspektivdə Xanlıq kəndində 4 mindən çox sakinin (1024 ailə) məskunlaşdırılması planlaşdırılıb.
Zilanlı kəndi Qubadlı rayonunun mərkəzindən 20 kilometr məsafədə, Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazidə yerləşir. Zilanlı Zəngilan rayonunun Ağalı kəndi ilə qonşudur. Kəndin layihələndirilən ümumi ərazisi 180 hektardır. Birinci mərhələdə burada 159 evin tikintisi və 772 nəfərin məskunlaşdırılması nəzərdə tutulub. Tikiləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. Gələcəkdə bu kənddə 2520 nəfərin (630 ailə) yaşaması planlaşdırılıb. Zilanlı kənd inzibati ərazi dairəsində yerləşən Kürd Mahmudlu və Seləli kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib.
Mahzurlu kəndi Qubadlı rayonunun mərkəzindən 19 kilometr məsafədə yerləşir. Gələcəkdə bu kənddə 2700-dən çox sakinin, başqa sözlə, 690 ailənin yaşaması planlaşdırılıb. Mahruzlu kənd inzibati ərazi dairəsində yerləşən Alaqurşaq və Muğanlı kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib. Birinci fazada kənddə 145 evin tikilməsi və 649 nəfərin məskunlaşdırılması planlaşdırılır.
Cahangirbəyli kəndinin layihələndirilən ərazisi 179,5 hektardır. Kənd perspektivdə 2520 nəfər əhalinin (573 ailə) yaşaması üçün planlaşdırılıb. Cahangirbəyli kəndində birinci mərhələdə iki, üç, dörd və beş otaqlı olmaqla ümumilikdə 242 fərdi evin tikintisi nəzərdə tutulur.
Qeyd edilib ki, birinci mərhələdə burada 1200 nəfərin məskunlaşdırılması planlaşdırılır. Cahangirbəylidə fərdi evlərlə bərabər, bloklaşdırılmış üçmərtəbəli binaların inşası da nəzərdə tutulur.