Azərbaycandan Çinə şərab ixracı üzrə imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində ötən ay 20 milyon ABŞ dolları dəyərində məhsul sifariş edilib.
Bunu Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Ma Çi deyib.
“Bu əməkdaşlıq növbəti 5 ili və daha uzun müddəti əhatə edəcək”, – Ma Çi bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Çinin müxtəlif şəhərlərində ticarət evləri fəaliyyət göstərir: “Çoxlu çinli istehlakçılar bu ticarət evlərinə ziyarət edirlər”.
Müşavir deyib ki, bu ilin noyabr ayında Şanxayda böyük sərgi keçiriləcək: “Sərgidə azərbaycanlı iş adamları da iştirak edə bilər və bu, öz növbəsində Azərbaycan məhsullarının Çinə ixracı üçün əlavə imkanlar yaradacaq. Sərgidə Azərbaycanın milli pavilyonunu yaratmağı dəvət edirik. Ötən ilki sərgidə 40 ölkədən 3 min şirkət iştirak edib və imzalanmış müqavilələrin dəyəri 70 milyard ABŞ dolları təşkil edib”.
İki ölkə arasında ticarət dövriyyəsinin artırılmasında Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) əhəmiyyətli rol oynadığını bildirən Ma Çi qeyd edib ki, çoxlu sayda Çin şirkəti bu marşruta diqqət yetirir: “Son iki ildə biz Orta Dəhlizin təşviqində çox ciddi irəliləyiş əldə etdik. İndi Azərbaycanın səyi ilə Bakı Limanı və Çinin ən böyük limanlarından biri olan Qinqdao Limanı arasında əhəmiyyətli və ciddi əməkdaşlıq qurulur, yaxın gələcəkdə bunun nəticəsini görəcəyik”.
Xatırladaq ki, Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 2022-ci ildə 2 milyard 159 milyon ABŞ dolları olub. Bu, 2021-ci illə müqayisədə 21,3 % çoxdur. Azərbaycanda 100-dən çox Çin şirkəti fəaliyyət göstərir.