11 C
Baku
Wednesday, November 27, 2024

Dizel subsidiyasının kəsilməsi sərnişindaşımada vəziyyəti ağırlaşdırıb

Xəbər verdiyimiz kimi, bu ilin 1 fevral tarixindən Bakı şəhərində və ətraf ərazilərdə müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən şirkətlərə verilən dizel subsidiyası dayandırılıb. Belə ki, həmin tarixdən gediş haqqının 10 qəpik (33 faiz nisbətində) artrılması ilə paralel olaraq yanacağa görə verilən subsidiya da kəsilib.

Nəqliyyat üzrə ekspert, tanınmış hüquqşünas Ərşad Hüseynov bu qərarın ictimai nəqliyyatın nəinki inkişafını ləngidəcəyini, əksinə iqtisadi dayaqlarının daha da zəiflədəcəyini bildirib. Bir çox ölkələrdə, xüsusilə inkişaf etmiş dövlətlərdə ictimai nəqliyyatın təşviqi məqsədilə çoxsaylı dəstək tədbirlərinin nəzərdə tutulduğunu, bu sektora dövlət, meriya və ya bələdiyyə xətti ilə hərtərəfli dəstəyin verildiyini bildirən Ə.Hüseynov Azərbaycanda daşıyıcı şirkətlərə verilən və o qədər də yüksək olmayan dizel subsidiyasının kəsilməsinin məqsədəuyğun qərar olmadığını deyib:

“Azərbaycanda nəqliyyatın iqtisadi vəziyyətinin yaxşılaşmamasının birinci səbəbi məhz bu sektora dayanıqlı dəstəyin olmaması ilə bağlıdır. İctimai nəqliyyat əslində sosial bir məsələ, sosial xidmət sahəsidir. İctimai nəqliyyat hər kəsə əlçatan olmalı, həmçinin insanları özünə cəlb etməlidir. İctimai nəqliyyatın maliyyələşməsinin yalnız sərnişinlərin hesabına olması ona gətirib çıxarır ki, gedişhaqqı istər-istəməz yüksəlir və bir çox insanlar ictimai nəqliyyatdan imtina edir. Buna görə də əksər ölkələrdə ictimai nəqliyyata subsidiya və ya dotasiya qaydasında dövlət dəstəyi həyata keçirilir. Belə ki, bəzi ölkələrdə ictimai nəqliyyat xidmətinin bir hissəsi, bəzilərində isə tam olaraq dövlət hesabına maliyyələşdirilir. Ona görə də həmin ölkələrdə ictimai nəqliyyat inkişaf edir, işçilər daha yaxşı məvacib alır, avtobus parkları yenilənir, insanlar ictimai nəqliyyata yönəlməklə tıxaclar minimuma enir, həm də şəhərlərin ekoloji vəziyyəti daha da yaxşılaşır. Təəssüf ki, Azərbaycanda belə bir dövlət dəstəyi yoxdur. Hər şey yalnız gedişhaqqı hesabına təmin edilir və həmin gedişhaqqını da dövlət özü müəyyən edir. Bu səbəbdən də son illərdə ölkəmizdə ictimai nəqliyyatın vəziyyəti xeyli ağırlaşıb, qiymətlərin artması, həyat bahalığının yüksəlməsi, avtobusların qiymətlərinin həddindən artıq baha olması, ehtiyat hissələri və digər xidmətlərin baha olması daşıyıcı şirkətləri çox ağır duruma salıb”.

Ərşad Hüseynov bildirib ki, son vaxtlar Azərbaycanda ictimai nəqliyyata dövlət dəstəyi yalnız 2021-ci ildə ölkədə dizel yanacağının bahalaşması ilə əlaqədar şirkətlərə müəyyən qədər dizel subsidiyasının verilməsi ilə bağlı olub. Lakin qısa müddət sonra bu subsidiyanın dayandırılması sektorun inkişafına yaranan azacıq ümidləri də azaldıb:

“Yanacağa görə subsidiyanın kəsilməsi birmənalı olaraq ictimai nəqliyyatın vəziyyətinə mənfi təsir göstərəcək. Bu subsidiya dizelin qiymətinin 33 faiz bahalaşmasından sonra tətbiq edilirdi. Əslində özəl daşıyıcıların heç də hamısı həmin subsidiyanı ala da bilmirdi. Maliyyə şəffaflığı, hesabatlılığı ilə bağlı problemi olanlar bu subsidiyanı təbii olaraq ala bilmirdi. Lakin istənilən halda yanacağın bahalaşmasından sonra bir çox daşıyıcı şirkətlərə dizel subsidiyasının verilməsi ictimai nəqliyyata müəyyən qədər dəstək oldu. Lakin bu il gediş haqqının faiz nisbətilə götürsək, 33 faiz artırılması ilə paralel dizel subsidiyasının kəsilməsi onsuz da güc-bəla ilə ayaqda durmağa çalışan bu sektora mənfi təsir göstərir. Belə görünür ki, gedişhaqqının 10 qəpik artırılması elə subsidiyanın kəsilməsinə hesablanıb. Əslində ictimai nəqliyyata yeni investisiya mənbələri yaratmaq yox, dövlətin yükünü azaltmaq məqsədini güdüb. Bu da təbii ki, dünyada ictimai nəqliyyata formalaşmış münasibətlər təcrübəsinə uyğun deyil. Təbii ki, bu qərar da ictimai nəqliyyatın vəziyyətinə çox pis təsir göstərəcək. Hətta nəinki yanacağa görə subsidiya məsələsi, ümumilikdə dövlətimizin ictimai nəqliyyata münasibətdə aydın siyasəti olmalıdır. Bu siyasətdə də əsas hədəflərdən biri ictimai nəqliyyata konkret ciddi dəstək tədbirlərinin müəyyən edilməsi olmalıdır. Yalnız bu halda biz ictimai nəqliyyatın inkişafını gözləyə bilərik”.

Ərşad Hüseynov vurğulayıb ki, ictimai nəqliyyata bu sektordakı özəl şirkətlərin biznesi kimi yanaşılması kökündən yanlışdır:

“Özəl şirkətlərə dizel subsidiyasının verilməsinin dayandırılması tənəzzülə doğru gedən bu sahəyə daha da mənfi təsir göstərəcək. Bir daha vurğulayım ki, dövlət olaraq bu sahəyə kompleks yanaşmalıyıq. Birdəfəlik anlamalıyıq ki, ictimai nəqliyyat mükəmməl olmasa, tıxac problemi də həll olmayacaq. Həmçinin yol hərəkətinin təhlükəsizliyi məsələsi arzuolunan səviyyədə olmayacaq. İctimai nəqliyyat mükəmməl deyilsə, insanların vaxt itkisi, stress-gərginlik keçirməsi hesabına sağlamlıqlarını itirməsi qaçılmaz olacaq. Bütün bunları nəzərə alaraq ictimai nəqliyyatın inkişafına hərtərəfli dəstək verilməlidir”.

Tanınmış ekspert bir müddət əvvəl Prezidentin fərmanı ilə yaradılan Nəqliyyatı Əlaqələndirmə Şurasının fəaliyyətə başlaması ilə ictimai nəqliyyata manasibətin yaxşılaşmasına ümidlərin yarandığını deyib: “Bu şura bütövlükdə ölkədə nəqliyyat və yol təhlükəsizliyi ilə bağlı dövlət siyasətini işləyib hazırlayaraq ortaya qoymalıdır. Dövlət siyasətində də ən öndə gələn məsələlərdən biri də məhz ictimai nəqliyyatın iqtisadi dayanıqlılığının təmin edilməsi müəyyən edilməlidir. Konkret hesablanmalar aparılmalı, inkişaf perspektivləri müəyyənləşdirilməli, yol hərəkət təhlükəsizliyi məsələləri, bütün bunların insanların gündəlik həyat keyfiyyətinə təsiri ortaya qoyulmalı və düzgün qiymətləndirilməlidir. Əslində bunlar üçün xarici ölkələrin keçdiyi yollar, hazır reseptlər də mövcuddur. Bir müddəa qırmızı xətlə cızılmalıdır ki, ictimai nəqliyyat gəlir gətirən biznes sahəsi deyil, olmayıb, ola da bilməz, bu sosial bir sahədir, ona xərclənən pullar cəmiyyətin həyat komfortunu təmin etmək üçün xərclənir. Buraya investisiya qoyub, oradan birbaşa gəlir götürmək kimi bir hədəf olmamalıdır”.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər