Amerikanın Medallion Financial şirkəti taksi sifarişi üçün Uber xidmətinin sürətli inkişafı ilə əlaqədar olaraq birjanı tərk edə bilər. Medallion Financial şirkətinin biznes planı lisenziya alınması üçün sürücülərin kreditləşdirilməsindən ibarətdir. 2013-cü ilin dekabr ayında şirkət 400 milyon dollar həcmində maksimum kapitalizasiya həcminə nail olmuşdu.
Hazırda Medallion Financial şirkətinin səhmləri iki qat azalsa da, gəlirləri əvvəlki kimi artır.
Şirkətin icraçı direktoru səhmlərin enməsini bazarın Uber-in növbəti addımından ehtiyat etməsi ilə əlaqələndirir. Ola bilsin, taksi xidməti bazardan lisenziyalı sürücüləri sıxışdıracaq və Medallion Financial tərəfindən verilmiş kredit portfelinə zərbə endirəcək.
Uber son olaraq 50 milyard dollar dəyərində qiymətləndirilmişdi. Medallion Financial isə artıq 19 ildir NASDAQ birjasında ticarət aparır və onun investorları sırasında BlackRock və Morgan Stanley kimi nəhəng qruplar var.
Uber xidməti tərəfindən vurulan zərər o dərəcədə böyükdür ki, Medallion Financial birjanı tərk edə və ictimai şirkət statusunu itirə bilər. Sandler O’Neill şirkətinin analitikinin isə verdiyi məlumata görə, Medallion Financial özünün 70 illik tarixi boyu zərərlə üzləşmədən fəaliyyət göstərib. Lakin hazırda vəziyyət kəskin olaraq dəyişib.